...

Azərbaycanda polis əməkdaşının qətlində ittiham olunan şəxsə 13 il iş verilib

Cəmiyyət Materials 25 Dekabr 2009 16:40 (UTC +04:00)
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), xuliqanlıq (221) maddələri ilə təqsirli bilinib.
Azərbaycanda polis əməkdaşının qətlində ittiham olunan şəxsə 13 il iş verilib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda polis əməkdaşını qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Kəlbəcər rayon sakini 28 yaşlı Rasim Adil oğlu Məmmədova 13 il azadlıqdan məhrumetmə cəzası verilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), xuliqanlıq (221) maddələri ilə təqsirli bilinib.

Məmmədov bu il iyunun 1-də Bakı-Quba yolunun 90-cı km-də, Siyəzən rayonu ərazisindəki Xıdır Zində pirinin yaxınlığında Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşı, polis baş çavuşu Elçin İlyasovla mübahisə zəminində onu döyərək qətlə yetirib.

Məmmədov idarə etdiyi "Opel Vectra" markalı maşınla Bakı-Quba yolunda yüksək sürətlə hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Bu zaman onun yanında qeyri-qanuni birgə yaşadığı qadın və uşağı olub. Yol polisi ilə razılıq əldə ediləndən sonra o, yoluna davam edib. Bu zaman növbəsi bitdiyi üçün Elçin İlyasov da onunla birgə Bakıya gəlmək üçün maşına əyləşib. Lakin Siyəzən rayonu ərazisində Xıdır Zində pirinin yaxınlığında sürücü ilə polis əməkdaşı arasında mübahisə baş verib. Nəticədə Rasim Məmmədov Elçin İlyasova çoxsaylı zərbələr endirərək qətlə yetirib.

Xəbər lenti

Xəbər lenti