...

AFFA futbolçuların süni yaş azaltması problemini iki-üç ilə həll edəcək - baş katib

Cəmiyyət Materials 28 Dekabr 2009 11:54 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi bildirib ki, futbolçuların süni yaş azaltması problemi iki-üç ilə tamamilə həll ediləcək.
AFFA futbolçuların süni yaş azaltması problemini iki-üç ilə həll edəcək - baş katib

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir F.Huseynli/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi bildirib ki, futbolçuların süni yaş azaltması problemi iki-üç ilə tamamilə həll ediləcək.

"Biz məsələyə yanaşmada reallıqları nəzərə almalıyıq. Problemi bir dəfəyə həll etmək çox çətindir", - bazar ertəsi Trend -a AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

Federasiyanın öncə yaydığı məlumatda qeyd edilir ki, AFFA-nın apardığı növbəti araşdırma zamanı müəyyən olunub ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçular çıxış edib.

Həmin futbolçular yığmamızın heyətində Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak ediblər və məlum olduğu kimi, U-19 (qızlar) Avropa çempionatının elit-raunduna vəsiqə qazanıb. 19 yaşadək qızlardan ibarət yığma komandamızın AÇ-nin elit-raunduna vəsiqə qazanmasına baxmayaraq, AFFA FAIR PLAY (Ədalətli Oyun) qaydalarına və rəqiblərə hörmətlə yanaşaraq, komandanın heyətində yaşı süni olaraq azaldılmış futbolçular çıxış etdiyi üçün U-19-un (qızlar) elit-raundda iştirakdan imtinası ilə bağlı UEFA-ya məktub ünvanlayıb. Məsələ ilə bağlı AFFA-nın daxili araşdırmaları davam edir və müvafiq qərar qəbul olunacaq.

Məmmədovun sözlərinə görə, problemi bir neçə mərhələləri keçməklə həll etmək mümkündür.

"Biz istəyimizə nail olmaq üçün dünyanın, Avropa ölkələrinin təcrübəsini nəzərə almalıyıq. AFFA idmançıların yaşlarının süni şəkildə azaldılmasına qarşı 2009-cu ilin əvvəllərindən mübarizə aparmağa başlayıb. Ümid edirəm ki, bir neçə ildən sonra problemin həllinə nail olacağıq", - baş katib əlavə edib.

Onun fikrincə, problemin həlli üçün federasiyaya valideynlərin və məşqçilərin də kömək etmələri lazımdır.

Məmmədov deyib ki, 19 yaşadək qızlardan ibarət yığma komandanın heyətində doğum tarixi yanlış göstərilən futbolçuların adlarını indi açıqlamaq mümkün deyil. "Çünki araşdırmalar davam edir. Ümid edirəm ki, proses iki-üç həftəyə başa çatacaq", - AFFA rəsmisi vurğulayıb.

Futbolçuların yaşlarının azaldılmasına səbəbkar olanların məsuliyyət məsələsinə gəldikdə isə, baş katib deyib ki, bu qərar da araşdırmaların nəticəsi bəlli olandan sonra müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti