...

Azərbaycanda həbs qətimkan tədbiri seçilərkən pozuntulara yol vermiş 14 hakim barəsində intizam icraatı başlayıb

Cəmiyyət Materials 28 Dekabr 2009 18:09 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend News-a verilən məlumata görə, Şuranın son iclasında məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin Ali Məhkəmə tərəfindən ümumiləşdirilməsi nəticələri ilə bağlı məsələ müzakirə edilib.
Azərbaycanda həbs qətimkan tədbiri seçilərkən pozuntulara yol vermiş 14 hakim barəsində intizam icraatı başlayıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda həbs qətimkan tədbiri seçilərkən pozuntulara yol vermiş 14 hakim barəsində intizam icraatı başlayıb.

Məhkəmə-Hüquq Şurasından bazar ertəsi Trend -a verilən məlumata görə, Şuranın son iclasında məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsi təcrübəsinin Ali Məhkəmə tərəfindən ümumiləşdirilməsi nəticələri ilə bağlı məsələ müzakirə edilib.

İclasda bildirilib ki, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının qəbul etdiyi qərarların qanuniliyini təmin etmək məqsədilə məhkəmə nəzarəti institutu təsbit olunub, həbs qətimkan tədbirinin seçilməsi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilib. Lakin ümumiləşdirmə göstərmişdir ki, bəzi hakimlər tərəfindən səmərəli məhkəmə nəzarəti həyata keçirilməmiş, bu sahədə kobud qanun pozuntularına yol verilib.

İclasda qətimkan tədbirlərinin ən ciddi növü olan həbsin cinayət prosessual qanunvericiliyin tələbləri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi nəzərə alınmadan əsassız seçilməsinin, bu işə formal münasibət bəslənilməsinin yolverilməz olması qeyd edilib.

Şuranın qərarı ilə həbs qətimkan tədbiri seçilərkən insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasına, prosessual pozuntulara və digər kobud nöqsanlara yol verdiklərinə görə 14 hakim barədə intizam icraatları başlanılıb.

Ali Məhkəmənin ümumiləşdirməsi nəticəsində məlum olub ki, həbs qətimkan tədbiri ilə bağlı (hərbi cinayətlər istisna olmaqla) Bakı və Sumqayıt məhkəmələrinə 3529, həbs müddətinin uzadılması ilə bağlı 1311 təqdimat verilib. Hər iki məsələ ilə bağlı təqdimatların 98 faizi təmin olunub.

Məlum olub ki, həbs qətimkan tədbiri seçilən şəxslərdən 99-u böyük ictimai təhlükə törətməyən, 2193-ü az ağır, 1337-si isə ağır və xüsusilə ağır cinayət törədənlərdir.

Ali Məhkəmə hesab edir ki, bir sıra hallarda məhkəmələr həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı səhv qərar çıxarıblar.

Həbslə bağlı təqdimatların 4617-nə Bakı, 223-nə isə Sumqayıt məhkəmələri tərəfindən baxılıb.

Sumqayıt üzrə təqdimatların 96,5 faizi təmin olunub.

Bakıda isə həbslə bağlı qərar çıxaran məhkəmələr arasında birinci yeri 521 qərarla Nərimanov, ikinci yeri 476 qərarla Səbail, üçüncü yeri 448 qərarla Nəsimi rayon məhkəməsi tutur.

Məhkəmə-Hüquq Şurasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasında İnzibati-Prosessual Məcəllənin qəbul edilməsindən irəli gələn məsələlər, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti