...

Azərbaycan məhkəməsi özünü MTN əməkdaşı kimi təqdim edən İran vətəndaşını azadlığa buraxmadı

Cəmiyyət Materials 6 Yanvar 2010 10:41 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsindən Trend News-a verilən məlumata görə, İran vətəndaşı Baxşeş Ərdəşirin apelyasiya şikayətinə baxılıb.
Azərbaycan məhkəməsi özünü MTN əməkdaşı kimi təqdim edən İran vətəndaşını azadlığa buraxmadı

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda özünü Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edən İran vətəndaşının apelyasiya şikayəti təmin edilməyib.

Bakı Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, İran vətəndaşı Baxşeş Ərdəşirin apelyasiya şikayətinə baxılıb.

Ərdəşirin apelyasiya şikayəti təmin edilməyib. Onun barəsində Bakı Apelyasiya Məhkəməsinin təyin etdiyi 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.

Baxşeş Ərdəşir, Azərbaycan vətəndaşları Ağakərim Mirzəliyev və Musa Mustafayev Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Əvvəllər dələduzluq və talama, habelə rüşvət vermə cinayətlərinə görə iki dəfə məhkum olunmuş Ərdəşir yaxın tanışları Mirzəliyev və Mustafayevlə cinayət əlaqəsinə girərək, uzun müddət özünü MTN polkovniki kimi qələmə vermiş, ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olmuşdu.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Ərdəşir 6 il müddətinə azadlıqdan məhrum edilib, Mirzəyev 3 min, Mustafayev isə 6 manat cərimə olunmaqla məhkəmə zalından azadlığa buraxılıb.

Bir müddət əvvəl Ərdəşirin apelyasiya şikayətinə baxılaraq, onun cəzası 5 ilə endirilmişdi. Baş Prokurorluq isə Ərdəşirin cəzasının ağırlaşdırılması ilə bağlı Ali Məhkəməyə protest vermişdi. Ali Məhkəmə protestə baxaraq işə yenidən baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul etmişdi.

Bakı Apelyasiya Məhkəməsi isə işə baxaraq, Ərdəşirin barəsində 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin etmişdi.

Ərdəşir azadlığa buraxılması üçün yenidən Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Ali Məhkəmə isə işin yenidən apelyasiya imstansiyasında baxılması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti