...

Azərbaycanın İranla sərhəd bölgəsində 28 dini icma qeydiyyatdan keçib

Cəmiyyət Materials 6 Yanvar 2010 13:48 (UTC +04:00)
Azərbaycanın İranla sərhəd bölgəsində yanvarın 1-dək 28 dini icma qeydiyyatdan keçib. Bu barədə Trend News-a çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib.
Azərbaycanın İranla sərhəd bölgəsində 28 dini icma qeydiyyatdan keçib

Azərbaycan, Lənkəran, 06 yanvar / Trend , müxbir P.Əliyeva/

Azərbaycanın İranla sərhəd bölgəsində yanvarın 1-dək 28 dini icma qeydiyyatdan keçib. Bu barədə Trend -a çərşənbə günü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib.

Trend -un arayışı: Azərbaycan Parlamentinin ötən sessiyasında "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edilib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər. İlin sonuna qədər dini qurumlar yenidən dövlət qeydiyyatından keçməlidir.

İndiyədək 120 dini icma yenidən və ilkin qeydiyyata alınıb. Hazırda 400-dən artıq dini icmanın müraciətinə baxılır.

Qeydiyyat üçün müraciət etməyən dini icmalar arasında Nərimanov rayon dindarlarının dini icması, İlahiyyat məscidi dini icması və Şəhidlər məscidi dini icması da var. Ötən il Azərbaycanda 102 dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb.

Bədirov bildirib ki, cənub rayonlarında (Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı) fəaliyyət göstərən 145 dini icma qeydiyyatdan keçmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib.

Bədirovun sözlərinə görə, fəaliyyətlərini rəsmiləşdirmək üçün Komitəyə sənədlərini təqdim etmiş 117 dini icmanın isə müraciətinə baxılır.

Şöbə müdiri bildirib ki, bölgənin yeddi rayonu üzrə mövcud olan 480 məsciddən 300-ü müntəzəm, 180-i isə dövri fəaliyyət göstərir. "Dini etiqad azadlığı haqqında" qanuna edilən əlavə və dəyişikliklərə qədər bölgə üzrə 75 dini icma qeydiyyatdan keçib.

Onun sözlərinə görə, fəaliyyətdə olub, lakin komitəyə müraciət etməyən icmalar haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

Xəbər lenti

Xəbər lenti