...

Ötən il Azərbaycan Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin sayı artıb

Cəmiyyət Materials 12 Yanvar 2010 13:47 (UTC +04:00)
Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend News-a verilən məlumata görə, 2009-cu ildə bu quruma 1792 şikayət və ərizə daxil olub ki, bu da 2008-ci illə müqayisədə 138 şikayət çoxdur.
Ötən il Azərbaycan Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin sayı artıb

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycan Konstitusiya Məhkəməsinə (KM) daxil olan ərizə və şikayətlərin sayı artıb.

Konstitusiya Məhkəməsindən çərşənbə günü Trend -a verilən məlumata görə, 2009-cu ildə bu quruma 1792 şikayət və ərizə daxil olub ki, bu da 2008-ci illə müqayisədə 138 şikayət çoxdur.

Həmin şikayətlərdən 425-i palatalara verilib. Onlardan 358-i barədə icraata qəbul edilməkdən imtina haqqında qərardad qəbul edilib, 11-i mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilib, 52-si isə hazırda palataların icraatındadır.

Ötən il KM-ə daxil olan şikayət və ərizələrdən 552-si məhkəmənin səlahiyyətinə aid olmadığı üçün müvafiq dövlət orqanlarına göndərilib. 605 şikayət və ərizə üzrə KM tərəfindən vətəndaşlara müvafiq cavablar verilib.

Ötən il ərzində KM-ə Ombudsmandan və Baş Prokurorluqdan iki sorğu daxil olub. Ombudsmanın sorğusu ilə bağlı icraat davam edir.

Məhkəmələr tərəfindən ötən il KM-ə 8 müraciət daxil olub, onlardan 4-ü üzrə müvafiq qərar qəbul edilib, 1-i icraata qəbul edilməyib, 3-ü isə hazırda icraatdadır. Ali Məhkəmə tərəfindən 2006-cı ildən ötən ilin sonunadək KM-ə yalnız 1 müraciət daxil olub. KM-ə məhkəmələr tərəfindən edilən müraciətlər ümumi yurisdiksiyalı məhkəmələrin payına düşüb.

Ötən il KM 9 qərar qəbul edib. Onlardan 4-ü fərdi şikayətlərlə bağlı olub. Bu qərarlarla Ali Məhkəmənin qərarları ləğv olunub, vətəndaşların şikayətləri təmin olunub.

KM-in 4 qərarı məhkəmələrin qanunların müddəalarının şərh olunması, 1-i isə Baş Prokurorluğun sorğusu ilə bağlıdır. KM-dən bildirilib ki, 2006-cı ildən sonra məhkəməyə müraciətlərin və KM-in qəbul etdiyi qərarların sayında əsaslı dəyişikliklər nəzərə çarpmır. 2008-ci ildə KM-in qəbul etdiyi qərarların sayı 10 olub.

KM fəaliyyətə başladığı 1998-ci ildən indiyədək 172 qərar qəbul edib. Onlardan 69-u vətəndaşların fərdi şikayətləri, 13-ü məhkəmələrin müraciətləri, 90-ı isə sorğular əsasında çıxarılıb.

KM-in qəbul etdiyi qərarların icrası ilə də bağlı müəyyən problemlərin olduğu bildirilir. Əvvəlki illərdə KM-in qərarlarının Ali Məhkəmə tərəfindən icraatında problemlər olub.

Xəbər lenti

Xəbər lenti