...

Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 12 Yanvar 2010 15:21 (UTC +04:00)
Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan 31 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan 31 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dəstənin üzvü Rəşid Mustafayev ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində bildirib ki, 2001-ci ildə Abxaziyada və Pankisi dərəsində rus qoşunlarına qarşı döyüşlərdə iştirak edib. Onun sözlərinə görə, həmin döyüşlərdə iştirak edən zaman Azər Misirxanovla tanış olub. O, qeyd edib ki, həmin il Azər Misirxanovla Azərbaycana gəlib. "Sərhədi keçən zaman sərhədçilər bizi saxladılar. Qanunsuz sərhədi keçməyə görə məhkəmə bizə cəza təyin etdi. 2006-cı il həbsdən azad edildim", - Mustafayev deyib.

Mustafayev daha sonra bildirib ki, Rusiya qoşunlarına qarşı vuruşmağa görə peşman deyil. Onun sözlərinə görə, həbsdən azad edildikdən sonra yenidən rus qoşunlarına qarşı keçirilən döyüşlərdə iştirak edəcək.

O, ifadəsində bildirib ki, döyüşlərdə iştirak etmək üçün silah lazım olub, lakin silah almağa pulları olmayıb. O, deyib ki, Azər Misirxanovun göstərişi ilə Sumqayıtda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin sahiblərinə silahlı basqın üçün hazırlıq görülüb. Onun sözlərinə görə, bu basqın planlarından isə xəbəri olmayıb.

O, Azərbaycanda "Əbu Bəkr" məscidinin partladılmasında ittiham olunan Samir Mehdiyevin ölkədən qaçmasına kömək etməsinə ittihamına da aydınlıq gətirib. "Mən Samir Mehdiyevi uşaqlıqdan tanıyıram, onunla Sumqayıtda qonşu olmuşuq. Samir mənim yanıma gəldi və ölkədən qaçmasına kömək etməyimi istədi. Mən də mətbuatdan "Əbu Bəkr"in partladılmasında onun əli olmasını eşitmişdim. Bir də onun dilindən eşitmək məqsədilə partlayışın onun tərəfindən törədilib-törədilməməsini soruşdum. Dedi ki, məsciddə olan partlayış mənlik deyil. Mən də öz mənbələrimlə dəqiqləşdirdim və partlayışın onun tərəfindən törədilməməsini müəyyən etdikdən sonra onun ölkədən çıxmasına köməkilk etdim", - Mustafayev deyib.

Mustafayev "Bakı-Novorossiysk" neft boru kəmərinin partladılması planından isə xəbəri olmadığını deyib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120), qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.1-ci), qabaq­ca­dan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd (29,214.2.1-ci), qabaq­cadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa cəhd (29, 214.2.3-cü ), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə (228.2.1-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama (229.2.1-ci), quldurluq (181.2.1-ci, 181.2.5-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı (206.3.2-ci) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti