...

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməyə çağırıb

Cəmiyyət Materials 18 Yanvar 2010 18:26 (UTC +04:00)
Azərbaycan ombudsmanı Elmira Süleymanova dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayətin tezliklə beynəlxalq hüquqi qiymət alacağına ümidvar olduğunu bildirən bəyanatla çıxış edib.
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməyə çağırıb

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycan ombudsmanı Elmira Süleymanova dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycanın haqlı tələblərini dəstəkləyəcəyinə, xalqımıza qarşı törədilmiş, əvvəlcədən düşünülmüş, antihumanist, antidemokratik, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulması ilə müşayiət olunmuş bu dəhşətli cinayətin tezliklə beynəlxalq hüquqi qiymət alacağına, cinayətkarların cəzasız qalmayacağına ümidvar olduğunu bildirən bəyanatla çıxış edib.

Bəyanat BMT-nin baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Xalqımızın Qan Yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il ümumxalq hüzn günü kimi geniş qeyd edilir.

Azərbaycan ombudsmanının bəyanatında deyilir ki, Azərbaycan xalqı bu faciə qurbanlarının milli azadlıq mübarizəsi uğrunda nümayiş etdirdiyi birliyi heç vaxt unutmayacaq, ölkəmizin bu günü və gələcəyi, taleyüklü prioritet məsələlərin həlli, qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, dövlətimizin daha qüdrətli olması naminə öz milli həmrəyliyini daha da möhkəmlədəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti