...

Azərbaycan Mərkəzi Bankının əməkdaşları barəsində çıxarılan hökm dəyişdirilib

Cəmiyyət Materials 19 Yanvar 2010 10:45 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankının əməkdaşlarının apelyasiya şikayətinə baxılıb və onlar barəsində çıxarılan hökm dəyişdirilib.
Azərbaycan Mərkəzi Bankının əməkdaşları barəsində çıxarılan hökm dəyişdirilib

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycan Mərkəzi Bankının əməkdaşlarının apelyasiya şikayətinə baxılıb və onlar barəsində çıxarılan hökm dəyişdirilib.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyevanın, kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilovun, xəzinədarlar Şəhnaz Səmədovanın, Nazilə Bağırovanın, Könül İsmayılovanın və Səbinə Məmmədovanın apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü dəyişdirilib. Məhkəmə Cəlilova qarşı təyin edilmiş cəzanı dəyişdirərək, onun barəsində 4 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Digər təqsirləndirilən şəxslərin barəsində olan hökm qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Hacıyeva 3 və Cəlilov əmlakı müsadirə olunmaqla 6, Şəhnaz Səmədova 8, Nazilə Bağırova 8 və İsmayılovaya 8 il azadlıqdan məhrum etmə cəzası, Məmmədovaya isə 2 il şərti cəza verilmişdi.

Hacıyeva və Cəlilov 2, Məmmədova 1, digərləri isə 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum ediliblər.

Həmin şəxslər Mərkəzi Bankdan 2003-cü ildən 2008-ci ilə qədər 7 milyard (köhnə Azərbaycan manatı ilə) manat mənimsəyiblər.

Ötən ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində dəstə üzvləri tutulmuşdu.

Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva və kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov, xəzinədarlar Şəhnaz Səmədova, Nazilə Bağırova və Könül İsmayılova Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.2), mənimsəmə və ya israf etmə (179.3.2), rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə (326), Səbinə Məmmədova isə səhlənkarlıq (314.2-ci ) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti