Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir F.Hüseynli/
Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Azərbaycana səfərə gəlib.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, Rusiya Avarçəkmə İdmanı Federasiyasının prezidenti Leonid Draçevski bu gün Bakıya gəlib. Rusiyanın dövlət və idman xadimi olan Draçevskinin səfəri işgüzar xarakter daşıyır.
O, Bakıda Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi ilə görüş keçirəcək. Yanvarın 22-də isə Draçevski Mingəçevir şəhərinə yollanaraq, tikintisi davam edən "Kür" Olimpiya İdman Mərkəzi ilə tanış olacaq. Rusiyanın akademik avarçəkmə üzrə yığma komandası 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi təlim-məşq toplantılarını məhz Mingəçevirdə keçirmək niyyətindədir. Rusiyalı qonağın digər görüşləri də nəzərdə tutulub.
Leonid Draçevski Rusiya Avarçəkmə İdmanı Federasiyasına 2008-ci ildən başçılıq edir. Hazırda 68 yaşında olan Draçevski akademik avarçəkmə üzrə beynəlxalq dərəcəli idman ustası, SSRİ-nin əməkdar məşqçisidir.