...

Azərbaycanın Mətbuat Şurası millət vəkilinin şikayətinə baxıb

Cəmiyyət Materials 21 Yanvar 2010 16:31 (UTC +04:00)
Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclasında millət vəkili Qənirə Paşayevanın "Azad Azərbaycan" qəzetinin 2009-cu il dekabrın 9-dakı sayında çap olunan "Plyonkalı maşınların sayı yenə də artmaqdadır" sərlövhəli yazı ilə əlaqədar şikayətinə baxılıb.
Azərbaycanın Mətbuat Şurası millət vəkilinin şikayətinə baxıb

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasında millət vəkilinin şikayəti müzakirə olunub.

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclasında millət vəkili Qənirə Paşayevanın "Azad Azərbaycan" qəzetinin 2009-cu il dekabrın 9-dakı sayında çap olunan "Plyonkalı maşınların sayı yenə də artmaqdadır" sərlövhəli yazı ilə əlaqədar şikayətinə baxılıb.

"Millət vəkilinin səlahiyyətli nümayəndəsi kimi çıxış edən Vidadi Məmmədov bildirib ki, qəzet Paşayevanı hədəf götürərək onun barəsində dəfələrlə qərəzli, həqiqətə uyğun olmayan materiallar dərc edib", - cümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

İclasda müvafiq materialların araşdırılması zamanı müəyyənləşdirilib ki, "Azad Azərbaycan" qəzetində Paşayeva barədə gedən yazılarda istər "Kütləvi informasiya vasitələri haqqında" Qanundan, istərsə də Jurnalistlərinin Peşə Davranışı Qaydalarından irəli gələn tələblərə hörmətsizlik göstərilib. "Qəzetin millət vəkilinin təkzib, yaxud şəxsin mövqeyini əks etdirən yazısının dərcindən imtinası həmin KİV-in bu sayaq materilların təqdimatında maraqlı tərəf olduğu qənaətini formalaşdırmaqdadır", - məlumatda vurğulanır.

Komissiya qəzet rəhbərliyinin məsələnin müzakirəsinə qatılmamasını nəşrin Şuranın üzvü kimi qəbul etdiyi nizamnamə tələblərinə sayğısızlıq əlaməti olaraq dəyərləndirib. "Bütün bunlar nəzərə alınaraq "Azad Azərbaycan"a ciddi xəbərdarlıq olunması barədə rəy çıxarılıb. Rəydə qəzetə qarşı tərəfdən - millət vəkili Paşayevadan üzr istəməsi, mövqeyini əks etdirən yazısını dərc etməsi tövsiyəsi də yer alıb", - məlumatda əlavə olunur.

İclasda həmçinin "Azad Azərbaycan" qəzetinin əməkdaşları ilə bağlı Şuraya müxtəlif dövrlərdə bir sıra şikayətlərin daxil olduğu barədə də məlumat verilib. Bildirilib ki, nəşr iş prinsipini eyni qaydada davam etdirəcəyi halda onun fəaliyyəti Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə komissiyasında araşdırılacaq.

Məlumatda qeyd edilir ki, komissiyanın digər rəylərində "Türk Azərbaycan dünyası""Azərbaycan dünyası brifinq" qəzetlərinə xəbərdarlıq olunması qərara alınıb.

Komissiya "Gündəlik Bakı" qəzetinin Mətbuat Şurasının "qara siyahı"sına salınmasından sonra bu KİV barədə Şuraya daxil olan şikayətlərə də baxıb. Qeyd olunub ki, qəzet rəhbərliyi Şuranın qərarına hörmətsiz yanaşmaqla, qurumun ictimai nüfuzunun aşağılanmasına, İdarə Heyəti üzvlərinin şərəf və ləyaqətlərinin ləkələnməsinə yönələn təhqiramiz yazılara hər sayda geniş yer verməkdədir. Komissiya üzvlərinin qərarına görə, həmin materiallar ümumiləşdirilərək müvafiq orqanlara göndəriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti