...

Turizm şirkətləri Azərbaycanda qış turizminin inkişafı üçün dağlıq regionlarda münasib infrastrukturun yaradılmasını vacib sayırlar

Cəmiyyət Materials 29 Yanvar 2010 10:47 (UTC +04:00)
Qış mövsümündə turlar əsasən Şəki, Quba, Zaqatala və Balakən istiqamətində təşkil olunur. Təşkil olunan səfərlər yalnız gəzinti xarakteri daşıyır və istirahətin tam təşkil olunması üçün dağ xizək mərkəzlərinin çatışmazlığı hiss olunur.
Turizm şirkətləri Azərbaycanda qış turizminin inkişafı üçün dağlıq regionlarda münasib infrastrukturun yaradılmasını vacib sayırlar

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir M. Əliyev/

Turizm şirkətləri Azərbaycanda qış turizminin inkişafı üçün dağlıq regionlarda münasib infrastrukturun yaradılmasını vacib sayırlar.

"Qış mövsümündə turlar əsasən Şəki, Quba, Zaqatala və Balakən istiqamətində təşkil olunur. Təşkil olunan səfərlər yalnız gəzinti xarakteri daşıyır və istirahətin tam təşkil olunması üçün dağ xizək mərkəzlərinin çatışmazlığı hiss olunur", - cümə axşamı Trend -a "Globus Travel" turizm şırkətinin əməkdaşı Səmədli Mircabir bildirib.

"Baki Tur" şirkətinin nümayəndəsi Orxan Məmmədov paytaxt Bakıdan uzaq regionlara qrup şəklində səyahətlərin təşkil olunmamasına səbəb kimi yolların qış aylarında qənaətbəxş vəziyyətdə olmamasını göstərib.

"Şirkət olaraq biz istənilən regionda mehmanxanalarda yer sifariş edirik, lakin şaxtalı havalarda turistlərin həmin yerə çatmasını təşkil etmirik", - Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, Pirqulu mehmanxanalarında turistlər üçün xizək və sair avadanlıqlar verilir, amma həmin regionlarda qış idman növləri üçün xüsusi komplekslərə ehtiyac var.

"Darvish Travel"-dən isə bildiriblər ki, turistləri regionlarda fəaliyyət göstərən olimpiya komplekslərində yerləşdirirlər ki, burada da qapalı şəraitdə müxtəlif idman növləri ilə məşğul olmaq mümkündür. "Quba olimpiya kompleksi bu baxımdan ən çox turist göndərdiyimiz mərkəzdir", - "Darvish Travel"-dan bildiriblər. Lakin şirkət nümayəndəsi yay mövsümünə nisbətən qışda turistlərin sayının kəskin azaldığını bildirib.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin investisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov Trend -a bildirib ki, ölkəmizdə bu istiqamətdə yaradılacaq ilk kompleks turistlərini 2011-ci ilin sonunda qəbul edəcək.

"Qusarda inşa olunan qış-yay idman və turizm kompleksi regionda analoqu olmayan mərkəz olmaqla 15 minə qədər turisti eyni anda qəbul edə biləcək, 10 min turistin isə qalması üçün şərait yaradılacaq", - Abduləlimov deyib. Onun sözlərinə görə, mərkəzin yaxınlığında aeroportun tikilməsi bura xaricdən çoxlu sayda turistlərin gəlməsinə şərait yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ilin sentyabrında Qusar rayonuna səfəri çərçivəsində Qusardakı Şahdağ Qış-Yay Turizm Kompleksinin təməlqoyma mərasimində iştirak edib. Kompleksdə dağ xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradılacaq. Avstriyalı mütəxəssislərin layihəsi əsasında bütün fəsillərdə qar yağdırmaq üçün xüsusi aparat və su anbarı yaradılacaq.

Xəbər lenti

Xəbər lenti