...

Azərbaycan Parlamenti adından çap olunan qəzetlərlə bağlı Mətbuat Şurasına müraciət edəcəyik – Milli Məclisin mətbuat xidmətinin rəhbəri

Cəmiyyət Materials 29 Yanvar 2010 16:43 (UTC +04:00)
"Parlament adından çap olunan qəzetlərlə bağlı araşdırma aparılması və onların fəaliyyətinin dayandırılması məqsədilə Mətbuat Şurasına növbəti dəfə müraciət göndərmək niyyətindəyik", - cümə günü Trend News-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Azərbaycan Parlamenti adından çap olunan qəzetlərlə bağlı Mətbuat Şurasına müraciət edəcəyik – Milli Məclisin mətbuat xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 29 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamenti adından çap edilən qəzetlərlə bağlı Mətbuat Şurasına müraciət olunacaq.

"Parlament adından çap olunan qəzetlərlə bağlı araşdırma aparılması və onların fəaliyyətinin dayandırılması məqsədilə Mətbuat Şurasına növbəti dəfə müraciət göndərmək niyyətindəyik", - cümə günü Trend -a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Təvəkküloğlunun sözlərinə görə, bundan əvvəlki müraciət nəticəsində Şuranın qərarı ilə "Parlamentin sədası""Azərbaycan Parlamenti" qəzetləri "reket" qəzetlər siyahısına salınıb. "Buna baxmayaraq parlament adından daha yeddi qəzet çap olunur. Bu qəzetlərin rəhbərlərinin, eləcə də əməkdaşlarının qanunsuzluqları ilə bağlı bizə xeyli şikayətlər daxil olub. Bu səbəbdən yenidən Mətbuat Şurasına müraciət edərək həmin qəzetlərlə də bağlı müvafiq qərarların çıxarılmasını xahiş edəcəyik", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

"Parlament adından çap olunan qəzetlərlə bağlı bizə müraciətlər çox vaxt telefon vasitəsilə çatdırılır. Şifahi şəkildə edilən şikayətlərin araşdırılması isə effekt vermir. Bu səbəbdən Milli Məclisin mətbuat xidməti tərəfindən rəsmi müraciət olunarsa ciddi araşdırma aparmağa hazırıq", - cümə günü Trend -a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib.

Onun sözlərinə görə, müraciətdə həmin qəzetlərin qanunsuz əməllərini sübut edəcək faktlar da olmalıdır.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu yanvarın 29-da keçirilən mətbuat konfransında "Parlamentin səsi", "Parlament-2005", "Parlament xəbərləri", "Parlament və cəmiyyət", "Parlament", "Millət vəkili" və "Deputatın tribunası" qəzetlərinin parlamentlə heç bir bağlılığı olmadığını bildirib.

Mətbuat Şurası indiyə qədər "reket" fəaliyyəti ilə məşğul olan 94 qəzetin adını "qara siyahı"ya daxil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti