...

Azərbaycanda məhkəmə hakimiyyəti bu gün inkişafdadır və bu, öz müsbət nəticəsini verəcək - Konstitusiya Məhkəməsinin sədri

Cəmiyyət Materials 30 Yanvar 2010 11:07 (UTC +04:00)
Qanunları bilmək azdır, onları düzgün tətbiq etmək lazımdır. Onları bu gün düzgün tətbiq etmək bizim üçün prioritet məsələdir.
Azərbaycanda məhkəmə hakimiyyəti bu gün inkişafdadır və bu, öz müsbət nəticəsini verəcək - Konstitusiya Məhkəməsinin sədri

Azərbaycanın Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayevin Trend -a müsahibəsi

Fransa, Strasburq, 30 yanvar / Trend , müxbir A.Məhərrəmli/

- Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) səfərlə bağlı nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, hər il AİHM işgüzar ilin açılışı ilə bağlı geniş bir tədbir təşkil edir. Bu tədbirə yüksək məhkəmənin rəhbərləri, nümayəndələri və hakimləri dəvət olunur. Artıq bir neçə ildir, bu ənənə var. Həmişə olduğu kimi bu ildə adıçəkilən tədbirdə iştirak etdik. Bu gözəl bir ənənədir. Səfər çərçivəsində mən və Ali Məhkəmənin sədri Ramiz Rzayevin AİHM-nin sədri cənab Jan-Pol Kosta (Jean-Paul Costa) ilə görüşümüz oldu. Görüş zamanı AİHM-nin sədri bildirdi ki, İnsan Hüquqlarına dair Avropa Konvensiyası Rusiya tərəfindən artıq ratifikasiya edilib və bu gün Protokol üzərində hazırlıq işləri aparılır. Bu o deməkdir ki, Avropa Məhkəməsinin işi daha da təkmilləşdiriləcək və işə baxılması sadələşdiriləcək. Sözsüz ki, bunun. milli məhkəmələrin, o cümlədən Azərbaycanda məhkəmələrin işinə müsbət təsiri olacaq.

- Konstitusiya Məhkəməsinin qərarlarında Milli Məclisə (MM) verilən tövsiyələr nəzərə alınmır. Belə bir neçə qərar var. Bu nə ilə bağlıdır? MM bunu necə izah edir?

- Əlbəttə, Konstitusiya Məhkəməsinin qərarlarını qanuna müvafiq olaraq, tövsiyə xarakteri daşıdıqda MM-ə göndəririk. Onların əksər hissəsi icra olunub və qanunvericilikdə müəyyən dəyişikliklər edilib. Bundan əlavə, bilirsiniz ki, müəyyən zaman dəyişdikdə, yeni qanun qəbul olunanda, bəzi hallarda müəyyən tövsiyələr öz əhəmiyyətini itirir. Belə hallar da olur. MM ilə bu məsələ ilə əlaqədar söhbət aparmışıq. MM-də bizim bir neçə qərarlarımız var və çox güman ki, parlamentin yaz sessiyasında bu məsələlər öz həllini tapacaq.

- KM-nin qərarlarının icrasına nəzarət mexanizmi varmı və bu necə həyat keçirilir?

- Əslində, qanunvericilkdə KM-nin qərarlarının icra olunmaması ilə bağlı hansısa cəza tədbirləri, ciddi sanksiyalar müəyyən edilməyib. Qanunda qərarların icrasına nəzarət mexanizmi müəyyən edilmədiyindən KM-nin qərarlarının icrasına nəzarəti həyata keçirmək mümkün deyil. Qərar icra olunmadığı halda, hansısa sanksiyalar tətbiq etmək, təsir göstərmək imkanımız yoxdur. Biz yalnız həmin qərarın icrası ilə bağlı təkrar qərar qəbul edə bilərik. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, "Konstitusiya Məhkəməsi haqqında" Qanunda və bilavasitə bizim digər qanunlarda birmənalı göstərilib ki, KM-nin qərarı qətidir, heç bir orqan və vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. Ona görə ki, bu ən yüksək məhkəmənin qərarıdır və şərtsiz icra olunmalıdır. Onlar məcburi qüvvəyə malikdir. Bu mənim şəxsi mülahizəm yox, qanunun tələbidir və istər-istəməz hər bir halda icra olunmalıdır. Əlbəttə, bu təkcə Azərbaycanda deyil, bütün dünyada çox ciddi məsələdir. Ona görə, növbəti Avropa Şurası üzv dövlətlərinin Konstitusiya Məhkəmələrinin konqresində məhkəmə qərarlarının icrası aktuallığına görə mövzu kimi seçilib və 2010-cu ildə keçiriləcək iclasda müzakirə predmeti olacaq.

- Azərbaycan Avropa Şurasının üzvüdür və AİHM-nin qərarları qanunvericiliyimizin tərkib hissəsidir. Məhkəmələrin və hakimlərin fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı hansı problemlər var?

- Bildiyiniz kimi, Azərbaycanda neçə illərdir məhkəmə islahatları aparılır və bu gün də davam edir. Məhkəmə islahatları Avropa standartlarına uyğun olaraq, bir neçə mərhələdə keçirilir. Məhkəmə-Hüquq Şurası bu işdə böyük səylər göstərir. Bütün bunların hamısı mövcuddur. Sözsüz ki, bu öz səmərəsini verir. Bu gün hakimlər öz şəxsi keyfiyyəti və biliyinə görə seçilirlər. Digər tərəfdən, bu bilikləri əldə etmək çox yaxşıdır, amma məsələnin digər tərəfi implementasiya ilə bağlıdır. Bu implementasiya hüquq tətbiqetmədə çox vacib bir məsələdir. O da hakimin özünün şüurundan, onun duyğularından və qanunun tələbindən irəli gəlir. Burada kadr məsələsi vacib rola malikdir. Qanunları bilmək azdır, onları düzgün tətbiq etmək lazımdır. Onları bu gün düzgün tətbiq etmək bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, Azərbaycanda məhkəmə hakimiyyəti bu gün inkişafdadır, proseslər gedir və bu, öz müsbət nəticəsini verəcək.

Xəbər lenti

Xəbər lenti