Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanda həbsdə olan baş redaktorun narkomaniyadan əziyyət çəkmədiyi barədə ekspertiza rəy verib.
"Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktorunun vəkili İsaxan Aşurov bazar ertəsi Trend -a bildirib ki, məhkəmə narkoloji ekspertizasının rəyinə görə, Eynulla Fətullayev narkomaniya xəstəliyindən əziyyət çəkmir və onun məcburi müalicəyə heç bir ehtiyacı yoxdur.
Vəkil bildirib ki, ötən həftənin şənbə günü o və Fətullayev rəylərlə tanış olub.
Ötən ilin dekabrında Fətullayevin ayaqqabısından və gödəkcəsinin astarından 0.223 qram heroin tapılıb. Jurnalist barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə cinayət işi açılıb.
Baş redaktor terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmada təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Jurnalist özü bu ittihamı qəbul etmir, həbsinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirir.