Azərbaycan, Bakı, 01 fevral / Trend /
Azərbaycanın Sumqayıt şəhərində gənclərlə görüş keçirilib.
Trend -un məlumatına görə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev "2 Fevral - Gənclər Günü" münasibətilə şəhərin fəal gənclərinin bir qrupu ilə görüşüb.
Azərbaycanda 13 ildir qeyd olunan Gənclər Gününün tarixindən danışan Əliyev ümummilli lider Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini və 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Ümumrespublika Forumundan bir il sonra - 1997-ci ildə "Gənclər Günü"nün təsis edilməsi haqqında sərəncam imzaladığını qeyd edib.
Əliyev bunun respublika gənclərinin təşkilatlanması və onların Azərbaycan dövlətçiliyinin inkişafında rollarının artırılması istiqamətində daha bir mühüm addım olduğunu vurğulayıb.
Prezident İlham Əliyev tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirən şəhər rəhbəri dövlət hesabına xaricdə təhsil almağın, güzəştli şərtlərlə ipoteka krediti əldə etməyin və digər imkanların gənclərə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildirib.
İcra başçısı Sumqayıtın "gənclər şəhəri" olduğunu və buna görə də onların şəhərin ictimai həyatında fəal iştirakının vacibliyini qeyd edib.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov 2009-cu il ərzində gənclər siyasəti sahəsində görülmüş işlər barədə geniş məlumat verib.