Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanda müəllim-şagird nisbətinin normallaşdırılması mexanizmi araşdırılır. Azərbaycanda ibtidai sinif müəllimlərinin sayının ehtiyac olandan çox olması hər il təhsilini bu ixtisas üzrə başa vuran kadrların çoxunun işsiz qalması ilə nəticələnir.
Bakı şəhər Baş Təhsil İdarəsinin (BŞBTİ) strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri Bəhman Nəbiyev cümə axşamı Trend -a bildirib ki, idarə yarandığı 2006-cı ildən başlayaraq orta məktəblərə yeni ibtidai sinif müəllimlərinin işə qəbulu dayandırılıb.
Səbəb kimi Nəbiyev sinif komplektlərinin azalmasını və hazırda işləyən müəllimlərin kifayət etdiyini göstərib.
"Hazırda sinif komplektlərinin sayı 5400-ə yaxındır", - o bildirib.
Sektor müdirinin sözlərinə görə, hazırda Bakı ümumtəhsil məktəblərində 900-dən artıq müəllim yığma saatlar hesabına işləyir. Bu da o deməkdir ki, onlar 3-cü və 4-cü sinif şagirdlərinə yalnız bədən tərbiyyəsi, əmək, təsviri incəsənət dərslərini tədris edirlər. 1-ci və 2-ci sinif şagirdlərinə gəlincə, Təhsil Nazirliyi ötən ildən etibarən milli kurikulum müasir təhsil modelini tədbiq edir ki, buna əsasən həmin siniflərdə tədrisi yalnız bir müəllim aparır.
"Ümumiyyətlə Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır. Əgər regionlarda 8 şagirdə bir müəllim düşürsə, Bakıda fərq daha çoxdur - 10,6 şagirdə bir müəllim düşür", - Nəbiyev bildirib. Onun fikrincə, Azərbaycanda bu nisbətin aşağı salınması prosesi getməlidir.
Təhsil Nazirliyinin baş məsləhətçisi Musa Əhmədov Trend -a bildirib ki, işsiz qalmış ibtidai sinif müəllimlərinin problemini həll etmək məqsədi ilə ixtisas artırma kursları təşkil olunur.
"Hazırda fəaliyyət göstərən 18 ixtisas artırma təhsil mərkəzində hər il 1500-2000 mütəxəssis ixtisasını dəyişərək daha çox tələbat olan tədris sahələrinə yiyələnirlər", - Əhmədov bildirib. Onun sözlərinə görə, son illər ibtidai sinif müəllimləri ilə yanaşı, ixtisası rus dilinin tədrisi olan mütəxəssislərin də sıxlığı yaranıb. Bu da onunla əlaqədardır ki, artıq rus dili məktəblərdə xarici dil kimi qəbul olunur və bu səbəbdən dərs saatları azaldılıb. Daha çox pedaqoji kadra ehtiyac olunan fənlər isə fizika, kimya kimi dəqiq fənlərdir.
Eyni zamanda baş məsləhətçi ibtidai tədris və rus dili ixtisası ilə yaranmış sıxlığı nəzərə alaraq ali məktəblərin və texnikumların bu iki istiqamət üzrə qəbulunun azaldılmasını məqsədəuyğun hesab edir.
"XXI Əsr Təhsil Mərkəzi" İctimai Birliyinin rəhbəri Allahverdi Orucovun fikrincə, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var.
"Pensiya yaşlı müəllimlərin kifayət qədər təcrübəsi və biliyi olsa da müasir zamanla, texnika ilə ayaqlaşmaları çətindir və onlar yüksək təqaüd ayrılması şərti ilə ixtisara salınmalıdır", - Orucov hesab edir.
Bununla belə Orucov bildirib ki, məktəblərə yeni müəllimlərin qəbulu daha diqqətlə aparılmalıdır.
"Təhsil sistemində ibtidai sinif və onun müəllimi böyük rol oynayır, şagirdin sonrakı davranışı, təhsilə münasibəti ibtidai sinifdə formalaşır. Bu səbəbdən ibtidai sinif müəlliminin seçimində daha diqqətli olmaq lazımdır və yeni müəllimlər yalnız müsabiqə yolu ilə seçilməlidir", - İctimai Birliyin rəhbəri deyib.