Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir M.Əliyev/
Azərbaycanda hava və ekstremal idman növlərindən istifadə etmək üçün əlverişli imkan var. Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
"Azərbaycanın əlverişli təbiətini nəzərə alaraq istəyirik ki, hava və ekstremal idman növlərini inkişaf etdirək", - Bağırov deyib.
Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası yanvarın əvvəlində Beynəlxalq Aviasiya Federasiyasının (Fédération Aéronautique Internationale, FAI) fəal üzvü seçilib.
Bağırovun sözlərinə görə, hazırda Azərbaycanda ekstremal idman növləri üzrə məşqçi problemi var. Nazir bu problemin iki ilə həll olunacağına ümid edir.
"Məşqçi yetişdirmək məqsədi ilə Azərbaycandan namizədlər seminarlarda iştirak etmək üçün beynəlxlaq tədbirlərə göndərilir", - Bağırov deyib.
Nazir yayda Azərbaycanda ilk dəfə olaraq qayayadirmanma idman növü üzrə beynəlxalq yarışın keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, il ərzində Azərbaycanda ilk dəfə olaraq uzun məsafəyə paraplanla uçuş təşkil oluna bilər. Bu idman növü üzrə Azərbaycanda 5 idmançı var.