Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir K.Zərbalıyeva/
İdarəetmədə qadınların rolunun artması cəmiyyətdə demokratiyanın inkişafının göstəricisidir. Trend -un məlumatına görə, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Azərbaycan Respublikasının yerli özünüidarəetmə orqanlarında qadınların rolu" mövzusundakı konfransdakı çıxışında Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov deyib.
Sektor müdiri son bələdiyyə seçkilərindən sonra 302 qadının bələdiyyə sədri seçilməsini yüksək qiymətləndirib və bildirib ki, Azərbaycan qadını cəmiyyətdə aparıcı qüvvəyə çevrilib. Onun sözlərinə görə, bələdiyyəyə yüksək iş təcrübəsi, müasir düşüncəyə sahib olan insanlar seçilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bələdiyyə seçkilərində uğur qazananların 26 faizdən çoxunun qadınlar olduğunu Azərbaycanda güclü və düzgün qadın siyasətinin həyata keçirilməsinin göstəricisi kimi dəyərləndirib.
"Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər qadınlar bələdiyyələrdə təmsil olunmayıb",- Komitə sədri vurğulayıb.
Qadın bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən konfransda Hüseynova bələdiyyələrin ailə, qadın və uşaq problemlərinə həssaslıqla yanaşmalarını, onların problemlərinin həllində yardımçı olmalarını məsləhət görüb.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bildirib ki, ötən il ciddi qanun pozuntularına görə, barələrində cinayət işi açılmış 23 bələdiyyə sədri arasında bir nəfər belə xanım olmayıb.
Səlimzadə bunu qadınların işə məsuliyyətli yanaşması, peşəkarlığı ilə əlaqələndirib.