Azərbaycan, Bakı, 23 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda külli miqdarda narkotik vasitə əldə etməkdə ittiham olunan kriminal avtoritetin məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə "Dərzi Taleh" ləqəbi ilə tanınan Salyan rayon sakini, 1963-ci il təvəllüdlü Taleh Nüsrət oğlu Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə baxışı fevralın 26-na təyin edilib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1), qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.3) maddələri ilə ittiham olunur.
Salyan rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən 2009-cu il sentyabrın 3-də saxlanılan Şükürovdan 1 kiloqram 755 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.