Azərbaycan, Bakı, 24 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda fərarilikdə ittiham olunan hərbi qulluqçuların apelyasiya şikayəti təmin edilməyib.
Şirvan Apelyasiya Məhkəməsindən Trend -a verilən məlumata görə, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin əsgərləri Elçin Yadulla oğlu Hüseynov və Kazım Tahir oğlu Kazımovun barəsində Ağdam Hərbi Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Ağdam Hərbi Məhkəməsini hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma (338.1) maddəsilə ittiham olunub. Hərbi qulluqçular xidmət etdikləri hərbi hissənin ərazisində naryada təyin edildikləri zaman xidməti yerini özbaşına tərk ediblər. Aparılan araşdırmalardan sonra hər iki təqsirləndirilən şəxs tutulub.