Azərbaycan, Bakı, 25 fevral / Trend , müxbir H.Bağırov/
Azərbaycanda kompüter informasiyasına qanunsuz daxil olub xarici vətəndaşların müxtəlif bank hesablarındakı pul vəsaitlərinin talanması ilə məşğul olan mütəşəkkil dəstənin məhkəməsi başlayıb.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan vətəndaşları - Elqan Hikmət oğlu Vəliyev, Elçin Bəyverdi oğlu Abbasov, Ruslan Abidin oğlu Həsənov, Abidin Nüsrət oğlu Həsənzadə, Firudin Əlimöhsüm oğlu Mayılov, həmçinin Suriya Ərəb Respublikasının vətəndaşı İbrahim Məhəmməd Əhməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
İclasda məhkəmə baxışının martın 5-də başlanması qərara alınıb.
Məlum olub ki, Elqan Vəliyev, Elçin Abbasov, Ruslan Həsənov, Abidin Həsənzadə və Məhəmməd İbrahim istintaq sirri olduğuna görə adları açıqlanmayan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək, Elçin Abbasovun adına "Nur-AB" Məhdud Məsliyyətli Cəmiyyəti təsis edib və onu hüquqi şəxs kimi dövlət qeydiyyatından keçiriblər.
Mütəşəkkil dəstənin əcnəbi üzvləri ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveç və digər xarici ölkələrin banklarının müştərilərinə məxsus külli miqdarda plastik kartların nömrə və kodlarını qeyri-qanuni şəkildə əldə edərək dəstənin Azərbaycandakı üzvlərinə göndəriblər. Qanunsuz əldə olunmuş həmin kompüter informasiyaları əsasında mütəşəkkil dəstənin buradakı üzvləri Elqan Vəliyevin başçılığı və təşkilatçılığı ilə kredit kartlar vasitəsilə nağdsız ödənişlərin həyata keçirilməsi üçün istifadə edilən "Nur-AB" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "POS-terminal" vasitəsilə təxminən 300 min AZN məbləğində pulun "Nur-AB" MMC-nin hesabına köçürülməsinə nail olublar.
Mütəşəkkil dəstə tərəfindən "POS-terminal" vasitəsilə təkcə Almaniya banklarının müştərilərinin plastik kartlarının kodlarından istifadə edilərək 130 min AZN məbləğində saxta nağdsız hesablaşma əməliyyatları aparılıb, həmin vəsaitin "Nur-AB" MMC-nin hesabına köçürülməsi təşkil edilib və 2009-cu il may ayının əvvəlində 54 min manat məbləğində pul vəsaiti "Nur-AB" MMC-nin bank hesabından çıxarılıbdır. Dəstənin üzvləri ümumi vəsaitin 73 min manatdan artıq qalan hissəsini isə əvvəlki üsulla bir neçə dəfə hesablardan çıxarmağa cəhd etsələr də, Bakıda fəaliyyət göstərən kommersiya banklarından biri tərəfindən "Nur-AB" MMC-nin hesabı bloklaşdırıldığından onlar öz məqsədlərinə nail ola bilməyiblər.
Bundan başqa, Elqan Vəliyevin başçılığı ilə dəstənin üzvləri 2009-cu ilin iyun ayının əvvəlində növbəti dəfə "Nur-AB" MMC tərəfindən "POS-terminal"la saxta plastik kartlar vasitəsilə 160 900 AZN məbləğində nağdsız əməliyyatın aparılmasını təşkil ediblər. Elqan Vəliyevin göstərişi ilə Elçin Abbasov və Abidin Həsənzadə 2009-cu il iyunun 8-də həmin vəsaitin çıxarılmasını asanlaşdırmaq məqsədi ilə Bakıdakı bir bankın hesabından digər bankın hesabına köçürülməsinə cəhd edərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən xüsusi qabaqlayıcı əməliyyat planı əsasında cinayət başında yaxalanıblar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxilolma ilə külli miqdarda ziyanvurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin əmlakını külli miqdarda ziyan vurmaqla gizli olaraq talama) maddələri ilə ittiham olunurlar.