...

Bir qrup KİV nümayəndəsi Daxili Qoşunların Sumqayıtdakı N saylı hərbi hissəsində olub

Cəmiyyət Materials 9 Mart 2010 15:02 (UTC +04:00)
Bir qrup KİV nümayəndəsi bu gün Daxili Qoşunların Sumqayıtdakı N saylı hərbi hissəsində olub.
Bir qrup KİV nümayəndəsi Daxili Qoşunların Sumqayıtdakı N saylı hərbi hissəsində olub

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir K.Zərbalıyeva/

Bir qrup KİV nümayəndəsi bu gün Daxili Qoşunların Sumqayıtdakı N saylı hərbi hissəsində olub.

Jurnalistlərin səfərində məqsəd Daxili Qoşunların əsgərlərinin saxlanma şəraiti ilə tanışlıq olub. N saylı hərbi hissənin komandiri Cavad Rzayev KİV nümayəndələrinə hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu barədə məlumat verib. Bildirib ki, hərbi hissə 1989-cu ildə Daxili Qoşunların milis taboru kimi yaradılıb. 1992-ci ildə isə hərbi hissə kimi formalaşdırılıb. Komandir bildirib ki, 12 mart 1992-ci ildə hərbi hissənin 472 nəfərdən ibarət şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Ağdam, Füzuli və Beyləqan bölgələrində döyüş əməliyyatlarında iştirak edib. 21 şəhid verib, 3 nəfər itkin düşüb.

Ötən il ərzində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə hərbi hissənin 136 hərbi qulluqçusu mükafatlandırılıb. Xidməti vəzifə borclarının icrasında yol verdikləri nöqsanlara görə 12 hərbi qulluqçu cəzalandırılıb.

Komandir bildirib ki, hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji durumu qənaətbəxşdir.

Sonra jurnalistlər əsgərlərin saxlanma şəraiti ilə tanış olublar və hərbi hissəni gəziblər. Hərbi hissədə müasir standartlara cavab verən əsgər kazarması, mətbəx və tibb məntəqəsi yerləşir. Tibb məntəqəsində eyni vaxtda 10 xəstə müalicə ala bilər.

İlkin tibbi yardım üçün lazımi şərait yaradılıb. Tibb məntəqəsində xəstələrin planlı qəbulu müəyyən olunmuş vaxtda, təxirəsalınmaz yardım isə bütün sutka ərzində həyata keçirilir.

Camaşırxanada əl əməyindən istifadə minimuma endirilib. Paltaryuma, qurulama və ütüləmə üçün xüsusi maşınlar quraşdırılıb. Hərbi hissə mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Əsgərlərə iaşə xidməti göstərən bərbərxana, dərzi otağı və hamam var.

Hərbi hissədə olan jurnalistlər əsgərlərlə birlikdə nahar ediblər.

Xəbər lenti

Xəbər lenti