...

Azərbaycanda hakim, prokuror və jurnalistlər arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub

Cəmiyyət Materials 17 Mart 2010 12:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, çərşənbə günü Ədliyyə Akademiyasında hakim, prokuror və jurnalistlər üçün keçirilən təlimdə ABŞ Ədliyyə Departamentinin məsləhətçisi, jurnalist və hüquqşünas xanım Barbara Svan bu mövzuda təlim iştirakçılarına təmsil etdiyi dövlətin təcrübəsi barədə məlumat verib.
Azərbaycanda hakim, prokuror və jurnalistlər arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda hakim, prokuror və jurnalistlər arasındakı qarşılıqlı münasibətlər ABŞ Ədliyyə Departamentinin Məhkəmə-Hüquq Şurası ilə birgə keçirdiyi təlimdə müzakirə olunub.

Trend -un məlumatına görə, çərşənbə günü Ədliyyə Akademiyasında hakim, prokuror və jurnalistlər üçün keçirilən təlimdə ABŞ Ədliyyə Departamentinin məsləhətçisi, jurnalist və hüquqşünas xanım Barbara Svan bu mövzuda təlim iştirakçılarına təmsil etdiyi dövlətin təcrübəsi barədə məlumat verib.

Svanın sözlərinə görə, jurnalistlər hakim və prokurorlar tərəfindən sensasiya axtaran, süni, yanlış məlumat verən bir şəxs kimi qəbul edilir. Hakim və prokurorlar isə jurnalistlər tərəfindən avtoritar, sirr verməyən, ünsiyyət yaradılması mümkün olmayan şəxslər kimi qəbul olunur. Svan hesab edir ki, cəmiyyətdə hakim, prokuror və jurnalistlər haqqında yaranmış bu yanlış stereotiplər onlar arasındakı qarşılıqlı münasibətlərin qurulmasına ciddi maneələr yaradır.

O, dünyanın bütün ölkələrində hakim, prokuror və jurnalistlər arasındakı münasibətlərdə anlaşılmazlığa, qarşıdurmaya rast gəlindiyini vurğulayıb.

"Hakim və prokurorlar elə düşünürlər ki, mətbuata mümkün qədər az məlumat verilməsi daha yaxşıdır. Onların verdiyi məlumatlar jurnalistlər tərəfindən təhrif olunacaq, yaxud da şişirdiləcək. Ona görə də mümkün qədər mətbuatdan uzaq durmağa çalışırlar", - amerikalı mütəxəssis vurğulayıb.

O, bu yanaşmanın yanlış olduğunu qeyd edərək bildirib ki, media ilə münasibətlərin yanlış istiqamətdə qurulması ədliyyə və prokurorluq sistemi ilə bağlı ictimaiyyət arasında narazılıqlara səbəb olur.

"Ədliyyə və hüquq sahəsində aparılan islahatlar barədə ictimaiyyətin maaarifləndirilməsi media vasitəsilə həyata keçirilir. Demokratik cəmiyyətdə müstəqil mətbuat və ədliyyənin olması olduqca vacib şərtdir", - xanım Svan bildirib.

Ekspert vurğulayıb ki, hər bir hakim, prokuror icraatında olan işlə bağlı məlumatları ictimaiyyətdən gizli saxlamağa çalışarsa, bu sahədə informasiya boşluğunu doldurmazsa, informasiya boşluğunu mediada yer alan şayiələr dolduracaq.

Svan məhkəmə proseslərinin ictimaiyyətə açıq formada keçirilməli olduğunu, mətbuata bu proseslərlə bağlı dolğun məlumat almaq imkanının yaradılmasını, məhkəmə zallarında keçirilən proseslərin zalda olan şəxlər tərəfindən eşidilməsinin təmin edilməsi üçün xüsusi səs sistemlərin quraşdırılmasını vacib sayıb və ABŞ-da hər bir məhkəmədə belə bir şəraitin yaradıldığını vurğulayıb.

O qeyd edib ki, prokurorlar hər hansı cinayət işi ilə bağlı istintaq sirrini qorumaq üçün lazımi tədbirlər görməklə yanaşı, ictimaiyyəti bu işlər barədə məlumatlandırmalı və bu sahədə balansı təmin etməlidirlər.

Tədbirdə mövzu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti