Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT-lərin fəaliyyətinin işıqlandırılması üzrə jurnalistlər üçün müsabiqə elan edib.
"Müsabiqə "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında qeyri-hökumət təşkilatlarının rolu və vəzifələri" mövzusuna həsr olunub", - çərşənbə günü Trend -a şuranın mətbuat xidmətindən bildirilib.
Müsabiqədə kütləvi informasiya vasitələrində çalışan jurnalistlər iştirak edə bilər.
Müsabiqəyə hər jurnalistin yalnız bir məqaləsi qəbul edilir.
Məqalələr 2010-cu ilin mart, aprel, may və iyun aylarında gündəlik qəzetlərdə, eləcə də media məkanının aparıcı informasiya saytlarında çap edilməli və aşağıdakı qeydlə müşayiət olunmalıdır: "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT fəaliyyətinin işıqlandırılmasına həsr olunmuş jurnalistika müsabiqəsində iştirak üçün".
Başqa müsabiqələrdə iştirak etmiş yazılar qəbul olunmur.
Müsabiqə üzrə 6 əsas mükafatın verilməsi nəzərdə tutulur: I yer (2 mükafat) - hər biri 1000 manat, II yer (2 mükafat) - hər biri 800 manat, III yer (2 mükafat) - hər biri 500 manat.
Bunlardan əlavə, jurnalistlərə hər biri 100 manat məbləğində 10 həvəsləndirici mükafat da veriləcək.
İddiaçılar məqalə və sənədlərini elanın mətbuatda verildiyi tarixdən etibarən iyulun 1-dək Şuranın katibliyinə təqdim edə bilərlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]