Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/
Azərbaycanda "Nənələr və babalar" günü təsis oluna bilər.
"Bugünün keçirilməsinin ailə institutunun möhkəmlənməsində, nəsillərin bir-birini tanımasında və bir-birinə hörmət etməsində böyük əhəmiyyəti var". Cümə günü Trend -a Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Bir çox Avropa ölkələrində "Nənələr və babalar" günü qeyd olunur. Fransada martın ilk bazar günü, İtaliyada oktyabrın ilk bazar günü, Estoniyada sentyabrın ikinci bazar günü, Polşada isə ayrıca nənələr günü (21 yanvar) və babalar günü (22 yanvar) qeyd olunur. Türkiyədə bu gün daha böyük format alıb.
2008-ci ildən bu ölkədə 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin günlərdə yaşından asılı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir.
Azərbaycanın Ahıl Ziyalılara Qayğı İctimai Birliyinin rəhbəri Nəsrulla Nurullayev isə Trend -a bildirib ki, Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir və "Nənələr və babalar"ın təsis olunması bunun bir daha sübutu ola bilər. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq ahıllar günü kimi qeyd olunur, lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün qeyd etmək cavan nəslin onlara qarşı münasibətini daha da yaxşılaşdıracaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin