...

Azərbaycanlıların soyqırımını əks etdirən sənədli film çəkilib

Cəmiyyət Materials 29 Mart 2010 14:44 (UTC +04:00)
Trend News-un məlumatına görə, film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanıb.
Azərbaycanlıların soyqırımını əks etdirən sənədli film çəkilib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda 31 mart 1918-ci ildə - azərbaycanlıların soyqırımını əks etdirən sənədli film çəkilib. Trend -un məlumatına görə, film Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanıb.

Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru, professor Musa Qasımlıdır. "Soyqırım" sənədli filminin baş məsləhətçisi millət vəkili Qənirə Paşayevadır.

Film Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırlanıb.

Filmdə 1918-ci il martın 31-də Qubada erməni daşnaklarının törətdiyi soyqırım zamanı valideynlərini, doğmalarını, yaxınlarını itirmiş və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş insanların taleyindən bəhs edilir. Ermənilərin törətdiyi həmin soyqırım zamanı onlar çoxlu azərbaycanlını əziyyətlər, işgəncələr verərək məhv ediblər.

Doğmalarını soyqırım zamanı itirmiş insanların bir çoxu onların qəbirlərini də tapa bilmirdilər. Bu insanların uzun illər ərzində çəkdikləri ağrılar filmdə öz əksini tapıb.

2007-ci ildə Quba şəhərində aşkara çıxan kütləvi məzarlıq erməni daşnaklarının dinc insanları hansı işgəncələrlə qətlə yetirdiyini, soyqırıma məruz qoyduğunu bütün dünyaya göstərdi. Erməni daşnakları tərəfindən valideynlərini, yaxınlarını, doğmalarını itirən, uzun illər onların qəbirlərini axtaran və indi Quba məzarlığına əzizlərini yad etmək üçün üz tutan insanların yaşadıqları acılar onların öz xatirələri ilə filmdə öz əksini tapır.

Ömürlərinin yaşlı dövrlərini yaşayan bu insanlar filmdə dünya ictimaiyyətindən 1918-ci ilin mart-may aylarında erməni daşnakları tərəfindən onların yaxınlarına, azərbaycanlılara qarşı törədilmiş cinayətlərə, soyqırıma hüquqi qiymət verilməsini tələb edirlər.

Qubada azərbaycanlılarla yanaşı, soyqırıma məruz qalan digər millətlərin (məsələn, yəhudilərin) nümayəndələrinin də fikirləri filmdə öz əksini tapır.

Filmin Azərbaycan televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi "Soyqırım" sənədli filminin ingilis dili variantının aprel ayında ABŞ-da və Avropanın bəzi ölkələrində təqdimatını həyata keçirəcək. Film minlərlə nüsxə çoxaldılaraq Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, bir çox dövlət və qeyri-hökumət təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətə yayılacaq.

Martın 30-da saat 12:00-da Hökumət evində 31 mart 1918-ci - Azərbaycanlıların soyqırımı gününün ildönümü ərəfəsində "SOYQIRIM" adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək.

Xəbər lenti

Xəbər lenti