...

Ombudsman dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı davam edən zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməyə çağırıb

Cəmiyyət Materials 30 Mart 2010 17:51 (UTC +04:00)
Azərbaycan ombudsmanı dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməyə, cinayətkarları cəzalandırmağa çağırıb. Trend News-un məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilir.
Ombudsman dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı davam edən zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməyə çağırıb

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan ombudsmanı dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi-hüquqi qiymət verməyə, cinayətkarları cəzalandırmağa çağırıb. Trend -un məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın 31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda bildirilir.

"1918-ci il 31 mart soyqırımından 92 il keçir, lakin erməni millətçilərinin törətdikləri bu dəhşətləri unutmaq qeyri-mümkündür. Nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanıram", - ombudsman bəyanatında vurğulayıb.

Süleymanova dünya ictimaiyyətinin Azərbaycan torpaqlarında sülhün və əminamanlığın bərqərar edilməsində bütün imkanlarını səfərbər edəcəklərinə ümidvar olduğunu bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Bəyanat BMT-nin baş katibi, baş katibin müavini, uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin insan hüquqları üzrə ali komissarı, ATƏT, Avropa Şurası, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Xəbər lenti

Xəbər lenti