Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir H.Bağırov/
Azərbaycan məhkəməsi Türkiyə vətəndaşlarının ekstradisiya olunması ilə bağlı qərar qəbul edib.
Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 6 ildir axtarışda olan Mehmet və Faysal Söyləməz qardaşlarının, qohumları Deniz Daşdemirin Türkiyənın ağır cəza məhkəməsində mühakimə edilməsi üçün Türkiyə dövlətinə verilməsi ilə bağlı qərar qəbul olunub.
Adıçəkilən şəxslərin Türkiyə dövlətinin sorğusu əsasında Bakının Nərimanov rayonu ərazisindəki mənzillərin birində kirayə yaşadıqları müəyyən olunub.
Bu il yanvarın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onlar yaxalanıblar. Onların üzərindən və yaşadıqları mənzildən 3 ədəd saxta pasport, Ermənistan, Suriya, İraq, ABŞ və Türkiyə dövlətlərinin milli valyutaları, siyasi ədəbiyyat, xarici mobil operatorlara məxsus simkartlar, çoxlu sayda sənəd və xəritə aşkar edilərək götürülüb.
Adıçəkilən şəxslər 2004-cü ildən cinayətkar birlik yaratmaq və adam oğurluğu cinayətlərində təqsirli bilinərək İstanbul ağır cəza məhkəməsi tərəfindən barələrində həbsli axtarış elan edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin