Azərbaycan, Bakı, 03 may /Trend, müxbir H.Bağırov/
Azərbaycanda xuliqanlıqda, hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən baş redaktor məhkəmə qərarından kassasiya şikayəti verib.
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində "İdeal" qəzetini baş redaktoru Nazim Quliyevin Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmündən verdiyi apelyasiya şikayəti üzrə keçirilən prosesdə onun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.
Quliyevin işinə birinci məhkəmə instansiyasında düzgün aparılmadığı və apelyasiya şikayətlərinin məhkəmə istintaqı ilə aparılması ilə bağlı vəkillərin vəsatəti təmin edilməyib.
Vəkillər Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarından kassasiya şikayəti veriblər və apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə baxılamasını istəyiblər.
Quliyev barəsində çıxarılmış hökmdən bəraət istəyir.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 13 il 3 ay azadlıqdan məhrum edilən Quliyevin əmlakı müsadirə olunub və cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi barədə qərar qəbul edilib.
Quliyev Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182.2), hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə (182.2.3), külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə (182.3.2), xuliqanlıq (221.1), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddələri ilə təqsirli bilinib.
Bu iş üzrə 6 nəfər zərərçəkmiş kimi tanınıb.