...

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə istedadlı şagirdlər arasında keçirilən "Bilik Marafonu" başa çatıb

Cəmiyyət Materials 6 May 2010 12:17 (UTC +04:00)
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə istedadlı şagirdlər arasında keçirilən “Bilik Marafonu” başa çatıb
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə istedadlı şagirdlər arasında keçirilən "Bilik Marafonu" başa çatıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Millət vəkili Qənirə Paşayevanın təşəbbüsü və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Tovuz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə istedadlı şagirdlər arasında keçirilən "Bilik Marafonu" başa çatıb.

Rayonun müxtəlif məktəblərini təmsil edən 104 istedadlı gənc arasında keçirilən "Bilik Marafonu" yerli "SM" TV kanalı ilə canlı yayımlanıb. Marafonda çıxış edən millət vəkili Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həyatı, onun Azərbaycan Dövləti və millətimiz üçün böyük xidmətlərindən danışıb. Millət vəkili vurğulayıb ki, gəncliyin daim yüksək təhsilli, savadlı, bilikli və vətənpərvər olması Azərbaycanın Ümummilli Liderinin ən böyük arzularından və amallarından olub.

Qənirə Paşayeva marafonun canlı televiziya vasitəsilə yayımlanması təşəbbüsündən də danışıb. O deyib ki, bu təkcə iştirakçılara deyil, bütün rayon məktəblilərinə, Tovuzla yanaşı, SMTV televiziyasının yayımlandığı 20-yə yaxın rayonun məktəblilərinə də öz biliklərini yoxlamaq və sınamaq imkanı verir. Həm də marafonun nə dərəcədə obyektiv keçirildiyini hər kəsin görməsinə imkan yaradır və eyni zamanda, məktəblilər arasında biliyə, savada meyilliliyin daha da artmasına xidmət edir. Rayon təhsil şöbəsinin müdiri Şamil Alıyev isə deyib ki, artıq ənənə halını alan "Bilik Marafonu" rayonun təhsilinin inkişafına hər il öz müsbət təsirini göstərməklə yanaşı, şagirdlər arasında elmə, biliyə meyilliliyin artmasına, gənclər arasında tariximizin, ədəbiyyatımızın daha geniş öyrənilməsinə, vətənpərvərlik hissinin daha da güclənməsinə təkan verir. O deyib ki, hər il Tovuz rayonundan ali məktəblərə, hərbi məktəblərə daxil olan şagirdlərin sayının artmasında da təşkil olunan bu cür marafonların, olimpiadaların, yarışların müsbət təsiri böyukdür.

Dəqiq elmlər sahəsində keçirilən və iki gün davam edən "Bilik Marafonu" zamanı hər fənn üzrə rayonun ən yaxşı müəllimlərindən ibarət münsiflər heyəti yaradılır. Canlı efirdə cavab verən şagirdlər arasında ən yaxşılarına - 1, 2 və 3-cü yerin qaliblərinə millət vəkili tərəfindən kompüterlər və qiymətli hədiyyələr təqdim olunur. Hər fənn üzrə 10-dan artıq həvəsləndirici yerin sahiblərinə, ümumilikdə, 60-a yaxın şagirdə də müxtəlif hədiyyələr təqdim edilib.

Rayonun istedadlı şagirdləri arasında səkkiz fənn üzrə keçirilən "Bilik Marafonu" 5 ildir  keçirilir və artıq ənənə halını alıb. Bu bilik yarışması həmin fənn müəllimlərinin məsuliyyətini daha da artırmaqla yanaşı, şagirdlər arasında bu yarışmalarda iştirak etmək və qalib gəlmək üçün böyük həvəs və sağlam rəqabət yaradıb.

Martın 2-3-də rayonun 102 nəfər istedadlı şagirdi arasında Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, coğrafya və ingilis dili fənləri üzrə Novruz Bayramına həsr olunmuş "Bilik Marafonu" keçirilmiş, qaliblər kompüterlər və digər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Humanitar fənlərlə bağlı təşkil olunan marafonun məqsədi gənclər arasında dilimizə sevginin artırılması ilə yanaşı, gənclər arasında Azərbaycan ədəbiyyatı və tarixinin dərindən öyrənilməsinə dəstək göstərməkdir. Həmçinin, məktəblilərə Azərbaycan tarixinin, qan yaddaşımızın, milli vətənpərvərlik hisslərinin, dövlətçilik ənənələrimizin öyrədilməsində yaxından iştirak etməkdir. İngilis dili fənni üzrə keçirilən marafon isə gənclər arasında xarici dillərin öyrənilməsinin daha da sürətlənməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti