...

Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə 308 il cəza istənilib

Cəmiyyət Materials 6 May 2010 13:18 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı dəstə üzvləri, təqsirləndirilənlər - Asif Əmikişili, Rəşid Mustafayev, Emil Şıxəliyevin 15, Mahir Allahverdiyev, Firdovsi Quliyevin 14, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 13, İbadət Alazovun 12, Kamran İlyasov, Teymur Axundov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 11, Mehdi Kərimov, Mahir Abdullayev, Tural Həsənov, Ceyhun Əliyev, Zeynal Əkbərovun 10, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 8, Vüqar Abdullayev, Namiq Məmmədov, Ramil Fərzəliyevin 7, Arif İbrahimov, Elçin Canağayev, Rəşad Mahmudov, Fuad Mövsümov, Emin Caminin 6, Bəxtiyar Mustafayevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə 308 il cəza istənilib

Azərbaycan, Bakı, 06 may /Trend, müxbir H.Bağırov/

Azərbaycanda beynəlxalq terrorçu şəbəkə ilə əlaqədə ittiham olunan mütəşəkkil dəstənin üzvlərinə prokuror 308 il cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə dövlət ittihamçısı dəstə üzvləri, təqsirləndirilənlər - Asif Əmikişili, Rəşid Mustafayev, Emil Şıxəliyevin 15, Mahir Allahverdiyev, Firdovsi Quliyevin 14, Vasif Ömərov, Elməddin Fərəcov, Faiq Cəfərovun 13, İbadət Alazovun 12, Kamran İlyasov, Teymur Axundov, Amil Xəlilov, Elnur Qazıyev, Elşən Druskarın 11, Mehdi Kərimov, Mahir Abdullayev, Tural Həsənov, Ceyhun Əliyev, Zeynal Əkbərovun 10, Alkərəm Məmmədov, Rəşad Nəbiyev, Vüsal İsayevin 8, Vüqar Abdullayev, Namiq Məmmədov, Ramil Fərzəliyevin 7, Arif İbrahimov, Elçin Canağayev, Rəşad Mahmudov, Fuad Mövsümov, Emin Caminin 6, Bəxtiyar Mustafayevin isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, təqsirləndirilən şəxslər "Abdulla" ləqəbli Azər Misirxanovun rəhbərlik etdiyi cinayətkar dəstədə fəaliyyət göstəriblər. Onlar odlu silah və partlayıcı maddələrin əldə edilməsi və gizli surətdə respublika ərazisinə keçirilməsi, daşınması və saxlanılmasında, eləcə də Azərbaycanda terrorçuluq əməlinin, quldurluq və digər cinayətlərin törədilməsində iştirak ediblər. Silahlı birləşmə üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəyyən edilib ki, bu silahlı birləşmənin üzvləri Bakı şəhəri Nərimanov rayonundakı "Əbu Bəkr" məscidində 2008-ci il avqustun 17-də terror aktının törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində axtarış elan edilmiş, "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq, digər dövlət ərazisində gizlənməsini təşkil ediblər.

Azər Misirxanov Azərbaycanda keçiriləcək Prezident seçkiləri ərəfəsində sabitliyi pozmağı, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən, "Bakı-Novorossiysk" neft boru kəmərini partlatmağı planlaşdırıb. Azər Misirxanov bununla əlaqədar Rəşid Mustafayevi təlimatlandırıb və ona müvafiq göstərişlər verib.

Bu göstərişlərin icrası məqsədilə Rəşid Mustafayev Bakıya qayıtdıqdan sonra, 2008-ci ilin oktyabrında Azərbaycandan Rusiyaya gedən neft kəmərinin yerinin müəyyənləşdirilməsi və partladılması üçün partlayıcı qurğular hazırlanmasını silahlı birləşmənin digər üzvü - Asif Əmikişiliyə həvalə edib. Asif Əmikişili 2008-ci ilin oktyabrında Xaçmaza gəlib, ərazidən keçən böyükhəcmli boru kəmərlərini yanlış olaraq "Bakı-Novorossiysk" neft kəməri hesab edərək, həmin borularda partlayış törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib və bu barədə Rəşid Mustafayevi məlumatlandırıb.

2009-cu il yanvarın 14-də xüsusi plan əsasında keçirilmiş antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanıb. Yuxarıda qeyd olunan odlu silahlar, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatların bir hissəsi Faiq Cəfərovun Abşeron rayonunun Saray qəsəbəsindəki evi yaxınlığında olan qamışlıqdakı gizli saxlanc yerindən aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120), qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma (279.1-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluğa cəhd (29,214.2.1-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə terrorçuluğa cəhd (29, 214.2.3-cü ), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə (228.2.1-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatını və partlayıcı maddələri və qurğuları hazırlama (229.2.1-ci), quldurluq (181.2.1-ci, 181.2.5-ci), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qaçaqmalçılığı (206.3.2-ci) və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama (234.1-ci) maddələri ilə ittiham olunurlar.

Bir müddət əvvəl Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə "Meşə qardaşları" silahlı birləşməsinin 26 üzvü məhkum edilib. Məhkəmənin hökmü ilə Elnur Bəşirovun başçılıq etdiyi dəstə üzvlərinə 200 ildən çox cəza kəsilib.

Azər Misirxanov Əfqanıstanda keçirilən hərbi təlimlər zamanı zərərsizləşdirilib.

Xəbər lenti

Xəbər lenti