...

Respublika Milli Onkoloji Mərkəzi tərəfindən Tovuzda əhali arasinda ikigünlük profilaktik müayinələr başa çatıb

Cəmiyyət Materials 8 May 2010 13:06 (UTC +04:00)
Respublika Milli Onkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən Tovuz rayonunda əhali arasında keçirilmiş ikigünlük profilaktik müayinələr başa çatıb.
Respublika Milli Onkoloji Mərkəzi tərəfindən Tovuzda əhali arasinda ikigünlük profilaktik müayinələr başa çatıb

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir A.Hüseynbala/

Respublika Milli Onkoloji Mərkəzinin mütəxəssisləri tərəfindən Tovuz rayonunda əhali arasında keçirilmiş ikigünlük profilaktik müayinələr başa çatıb.

Millət vəkili Qənirə Paşayeva şənbə günü Trend-ə bildirib ki, Azərbaycanın baş onkoloqu Fuad Mərdanlının rəhbərliyi ilə mütəxəssislərdən ibarət geniş bir heyət iki gün ərzində sərhəd rayonu olan Tovuz sakinləri arasında yüksək səviyyədə müayinələr aparıb.

Yüksək səviyyəli mütəxəssislər tərəfindən 393 rayon sakininin müayinəsi zamanı 60 nəfər baş-boyun nahiyəsi, 65 nəfər mamaloji, 48 nəfər ginekoloji, 160 nəfər abdominal-onkoloji, 60 nəfər rentgen müayinəsindən keçirilib. Müayinələr zamanı onlarca kənd sakinində müxtəlif onkoloji xəstəliklərlə yanaşı, digər xəstəliklər də aşkar edilərək müalicələr yazılıb və bəzilərinin mərkəzə müraciət etmələri tövsiyə olunub.

Paşayeva bildirib ki, Respublika Milli Onkoloji Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevin təşəbbüsü ilə bölgələrdə yüksəksəviyyəli mütəxəssislər tərəfindən aparılan profilaktik müayinələr çox vacib və əhəmiyyətlidir. Bu müayinələr nəticəsində insanlar arasında, onkoloji də daxil olmaqla, müxtəlif növlü xəstəlikləri vaxtında aşkar etmək mümkün olur ki, bunun da nəticəsində çoxlu sayda insanın həyatı xilas edilir. Çünki gec mərhələdə aşkara çıxarılan bir çox xəstəliklər, xüsusilə, onkoloji xəstəliklər zamanı effektiv müalicə və xəstəni xilas etmək mümkün olmur.

Millət vəkili Tovuz rayonunda aparılan bu cür profilaktik müayinənin rayon sakinləri üçün çox əhəmiyyətli olduğunu vurğulayıb və deyib ki, insanların kifayət qədər böyük bir hissəsində müayinələr zamanı vaxtında üzə çıxarılan onkoloji və digər xəstəliklər vaxtında müalicə və əməliyyat olunmaqla sağala biləcək və deməli, neçə-neçə insan xilas olacaq.

Paşayeva xüsusilə qadınlar arasında aparılan mamaloji və ginekoloji müayinələrin çox vacib və əhəmiyyətli olduğunu vurğulayıb. O, bu cür müayinələrin mütəmadi aparılmasının vacibliyini də qeyd edib.

Millət vəkili deyib ki, ölkədə müxtəlif xəstəliklərin sürətli artmasının qarşısının alınmasının və insanları vaxtında bir çox xəstəliklərin caynağından almanın yeganə yolu profilaktik müayinələri, profilaktik tədbirləri və maarifləndirməni genişləndirməkdir.

Paşayeva sərhəd rayonu olan Tovuzda Respublika Milli Onkoloji Mərkəzi tərəfindən həyata keçirilən bu cür yüksəksəviyyəli müayinə-profilaktika tədbirləri ilə bağlı mərkəzə və onun rəhbəri akademik Cəmil Əliyevə öz dərin təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti