...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib

Cəmiyyət Materials 12 May 2010 15:29 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə Azərbaycanın Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin keçmiş zabiti, kapitan Elmar Mehdiyev ifadə verib.
Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir H.Bağırov/

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktı ilə bağlı həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə keçirilən prosesdə Azərbaycanın Daxili Qoşunlarının "N" saylı hərbi hissəsinin keçmiş zabiti, kapitan Elmar Mehdiyev ifadə verib.

Mehdiyev Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə Cinayət Məcəlləsinin zorlama (149.1) və seksual xarakterli zorakılıq hərəkətləri etmək (150.1) maddələri ilə ittiham olunub və məhkəmə zamanı həmin maddələr üzrə ittihamlar sübuta yetirilmədiyindən azadlığa buraxılıb.

Mehdiyev qeyd edib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılıb və təqsirləndirilən Nadir Əliyevi də həmin yerdən tanıyıb: "Nadir Əliyevi təcridxanaya gətirəndən sonra, heç bir dustaq kamerası törətdikləri cinayətə görə onu qəbul etməyib".

"Bundan sonra Nadiri məcburi şəkildə bizim kamerada saxladılar. Bir kamerada olduğumuz zaman Nadir hadisə ilə bağlı mənə bəzi məsələləri danışdı", - şahid bildirib.

Mehdiyev söyləyib ki, Əliyev Fərda Qədirovun cinayət törədəcəyindən xəbəri olduğunu deyib.

"Nadir Əliyev mənə dedi ki, Fərda bu barədə ona təklif edib və Nadir də qorxusundan onunla razılaşıb. Amma hadisə baş verən gün ora getməyib. Nadir mənə söylədi ki, Cavidan Amirovun Ramin adlı tanışı olub və Neft Akademiyasında bir dekanla davası düşüb. Cavidan da dekanı öldürəcəyinə söz verib. Bununla bağlı Nadirlə Cavidan akademiyaya gələrək, dekanın iş otağının yerini müəyyən ediblər. Sonradan Fərda meydana çıxıb və akamediyada terror planını onlara bildirib. Plana görə, Nadir qapıda dayanmalı idi. Nadir mənə dedi ki, Fərda Qədirov silahı Gürcüstanda Sergey adlı şəxsin adına aldıqlarını, cinayət törədiləcəyi təqdirdə isə Mardun adlı şəxsin isə onlara 50 min ABŞ dolları verəcəyini deyib. Pulu hissə-hissə verəcəklərini demişdi. Qalan 4 min dolları isə Moskvada Fərdaya verəcəkdilər", - Mehdiyev bildirib.

Təqsirləndirilən Nadir Əliyev isə şahidin yalan ifadə verdiyini və kamerada olan zaman ona qarşı zor tətbiq etdiyini bildirib.

Məhkəmə prosesi mayın 13-də davam etdiriləcək.

2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında Fərda Qədirov 12 nəfəri öldürüb, 13 nəfəri isə yaralayıb.

Cinayət işi üzrə həbs edilmiş Əmirov Cavidan , Əliyev Nadir, Süleymanov Nəcəf Qabulov Ariz məhkəmə qarşısına çıxarılıb.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti