...

Azərbaycan Mətbuat Şurasının sədri KİV-lərdə müəlliflik hüququnun qorunması ilə bağlı problemlərin olduğunu deyib

Cəmiyyət Materials 14 May 2010 17:51 (UTC +04:00)
Azərbaycan Mətbuat Şurasının sədri hesab edir ki, kütləvi informasiya vasitələrində müəlliflik hüququnun qorunması ilə bağlı problemlər var.
Azərbaycan Mətbuat Şurasının sədri KİV-lərdə müəlliflik hüququnun qorunması ilə bağlı problemlərin olduğunu deyib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurasının sədri hesab edir ki, kütləvi informasiya vasitələrində müəlliflik hüququnun qorunması ilə bağlı problemlər var.

"Müəlliflik hüququ yaradıcılıq fəaliyyətinin nəticəsi olduğundan, jurnalistlər də bununla bağlı tez-tez problemlərlə qarşılaşırlar", - Trend-in məlumatına görə, bunu cümə axşamı "Kütləvi infoirmasiya vasitələrində müəlliflik hüququ: problemlər və həll yolları" mövzusunda Müəllif Hüquqları Agentliyinin və Mətbuat Şurasının birgə təşkil etdiyi dəyirmi masada şuranın sədri Əflatun Amaşov bildirib.

Amaşovun sözlərinə görə, əgər hansısa agentlik xəbərləri mənimsəyirsə və onları özünün məhsulu kimi qələmə verirsə, deməli, həmin informasiya agentliyi özgə əməyini mənimsəyir, rəqiblərin məhsulundan qeyri-qanuni istifadə edir.

"Bizdə qəzetlərdə çalışan jurnalistlərin, fotoqrafların müəlliflik hüququ ilə bağlı müəyyən problemlər var. Məsələn, hər hansı qəzetdə konkret bir müəllifin imzası ilə çap olunan yazı başqa qəzetdə yalnız müəllifin imzası dəyişilməklə çap olunur", - şura sədri əlavə edib.

Onun fikrincə, müəlliflik hüququnun qorunması sahəsində digər problem jurnalistlə redaksiyanın hər hansı materiala görə nə dərəcədə müəlliflik səlahiyyətinin olub-olmaması ilə bağlıdır.

"Məsələn, fotomüxbirin çəkdiyi şəklin onun, yoxsa redaksiyanın məhsulu olduğu qəti müəyyənləşdirilməyib. Digər bir məsələ bir məktəb müəlliminin hər hansı jurnalistin qəzetdə çap olunan yazısını çoxaldıb istifadə etməsi ilə bağlıdır. Bu zaman müəlliflik hüququnun pozulduğunu iddia etmək olarmı? Düşünürəm ki, biz birgə bu problemlərin həllinə nail olmalıyıq", - Amaşov xatırladıb.

Xəbər lenti

Xəbər lenti