...

Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı keçirilib (FOTO)

Cəmiyyət Materials 17 May 2010 10:48 (UTC +04:00)
Gürcüstanın Marneuli şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət evində Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı keçirilib.
Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir K.Zərbalıyeva/

Gürcüstanın Marneuli şəhərinin Nəriman Nərimanov adına Mədəniyyət evində Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanın Azərbaycanlı Gənclərinin I Qurultayı keçirilib.

Qurultayda 165 nəfər nümayəndə, gürcü ali məktəblərində təhsil alan tələbələr, ictimai təşkilatların rəhbərləri, o cümlədən, gənclərlə çalışan 18 təşkilatın nümayəndələri, dövlət idarələrində çalışan gənclər, Gürcüstanın və Azərbaycanın dövlət strukturlarını təmsil edən rəsmilər, hər iki ölkə parlamentinin deputatları və QHT nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk söz Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyevə verilib. Səfir çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini qurultay nümayəndələrinə çatdırdıqdan sonra deyib ki, bu gün azərbaycanlı gənclər Gürcüstan cəmiyyətində layiqli yer tutmaq üçün böyük işlər görməlidir.

Qurultayda Azərbaycan - Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri Qənirə Paşayeva çıxış edərək, Azərbaycan Parlamenti adından qurultay iştirakçılarını salamladı və uğurlar arzu etdi.

"Məni çox sevindirən hal odur ki, millətin gələcəyi olan gənclər bu cür təşəbbüslə çıxış ediblər. Gənclık gələcək deməkdir. Bu gün gənclərimiz təşkilatlanırsa, sadəcə olaraq, onları dəstəkləmək və alqışlamaq lazımdır, çünki gənclərin qarşısında çox böyük missiyalar durur. Gürcüstan vətəndaşları olan azərbaycanlılar heç vaxt Gürcüstanın dar günündə ona arxadan zərbə vurmayıblar, əksinə, daim onun yanında olub, onun inkişafı üçün böyük işlər görüblər. Eyni zamanda, millətimizin adət-ənənəsini, dilini, mədəniyyətini qoruyaraq, nəsildən-nəslə ötürüblər", - deyə vurğulayıb.  Millət vəkili deyib ki, gənclərin yeni yaranan qurumunun əsas məqsədləri gənclər arasında təhsilin inkişafına, mədəniyyətin qorunmasına və təbliğinə, narkomaniya da daxil olmaqla, gənclər arasında pis vərdişlərin yayılmasının qarşısını almağa, onlara qarşı mübarizə, yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində layihələr həyata keçirərək, inkişafa xidmət edən işlər görməkdir.

Diasporla İş Üzrə Dövlət Komitəsinin şöbə müdüri Füzuli Nəcəfov çıxışında DİDK-nin sədri Nazim İbrahimovun salamlarını və təbriklərini qurultay iştirakçılarına çatdırıb. O qeyd edib ki, bütün dövrlərdə Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyəti və problemləri Azərbaycan dövlətinin diqqətində olub.

"Bütün dünyada, eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlıların təşkilatlanması bizim üçün çox önəmlidir".

Kvemo-Kartli bölgəsi qubernatorunun müavini Koba Kobiaşvili "Biz azərbaycanlılardan xahiş edirik ki, heç bir yerə getməsinlər və bizimlə birgə Gürcüstan dövlətçiliyini qursunlar", - deyərək, Gürcüstan - Azərbaycan Universitetinin yaranması təklifi ilə çıxış edib.

Tədbirdə Kvemo-Kartli bölgəsinin qubernatorunun müavini Hüseyn Yusifov, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Milli Məclisinin üzvləri Rauf ƏliyevSabir Hacıyev, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də çıxış edərək, bu təşəbbüsü dəstəkləyiblər.

Qurultayda "Azərbaycanlı gənclərin Gürcüstanın ictimai həyatında rolu" mövzusunda çıxış və məruzələr dinlənildi. Gənclərdən Kamran Xıdıroğlu, Ayaz Məmmədov, Natiq Valehoğlu, Georgi Şukakidze, Emma Bayramova, Zemfira Əzizbəyli, Zaur Darğallı və başqaları çıxış edərək, gənclər qurultayında öz təkliflərini bildiriblər.

Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan qurultayın əsas məqsədi - azərbaycanlı gənclərin Gürcüstanın vətəndaş cəmiyyətinə inteqrasiyası, onların ictimai həyatda rolunun fəallaşması və bir çox vacib məsələlərin həlli istiqamətində görülən işlər qurultay nümayəndələrinin əsas müzakirə obyekti olub.

Sonra qurultay "Gürcüstanlı Azərbaycanlılar Gənclər İttifaqı" təşkilatının Nizamnaməsini təsdiq edib. Qurultayda bütün bölgələri əhatə edən 13 həfərdən ibarət idarə heyəti seçilib. "Gürcüstanlı Azərbaycanlılar Gənclər İttifaqı" təşkilatının rəhbəri Təşəbbüs Qrupunun rəhbəri Leyla Məmmədova seçildi.

Xəbər lenti

Xəbər lenti