...

Dağıstanda "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfrans keçirilib

Cəmiyyət Materials 17 May 2010 17:25 (UTC +04:00)
Dağıstanın Dərbənd şəhərində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfrans keçirilib.
Dağıstanda "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfrans keçirilib

Azərbaycan, Bakı, 17 may /Trend/

Dağıstanın Dərbənd şəhərində Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin və Ümumrusiya Azərbaycan Konqresi Dağıstan regional bölməsinin birgə təşkilatçılığı ilə "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Komitənin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, konfransda Dərbənd şəhəri merinin səlahiyyətlərini icra edən İmam Yarəliyev çıxış edərək "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfransın keçirilməsinin şəhərin ictimai həyatında mühüm hadisə olduğunu vurğulayıb və Dərbəndin qədim tarixinin öyrənilməsi, həmçinin gənc nəslə çatdırılması baxımından tədbirin böyük əhəmiyyət daşıdığını söyləyib.

Tədbirdə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi şöbə müdirinin müavini Elnar Məmmədov çıxış edərək Azərbaycanın Rusiyanın bütün subyektləri, o cümlədən Dağıstan Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Dərbənd şəhər Mədəniyyət İdarəsinin, Dərbənd İncəsənət və Mədəniyyət İnstitutunun, Dağıstan Dövlət Universitetinin Dərbənd filialının və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəklədiyi "Oğuz eposu Kitabi Dədə Qorqud və Dərbənd" mövzusunda elmi-praktiki konfransda mövzu ətrafında həm yerli, həm də Azərbaycandan gəlmiş alimlər çıxış ediblər.

Məruzələrdə Dədə Qorqudun Dərbənd şəhərində yaşaması, müxtəlif tarixi mənbələrdə, o cümlədən Övliya Çələbi və Adam Olearinin qeydlərində hətta Dədə Qorqudun məzarının Dərbənd şəhərində yerləşməsi haqqında məlumatların olduğu bildirilib. Eyni zamanda, eposun dili, dastanda cərəyan edən hadisələr haqqında da ətraflı informasiyalar verilib.

Sonra konfrans iştirakçıları Dədə Qorqudun məzarının yerləşdiyi iddia edilən yerə baş çəkiblər. Konfrans iştirakçıları həmçinin "Narın Qala" kompleksində qədim tariximizin nümunələri ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti