...

Azərbaycanda məhkəmə resurslarının mövcudluğu qiymətləndirilib

Cəmiyyət Materials 18 May 2010 14:57 (UTC +04:00)
"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin həyata keçirdiyi monitorinqin nəticələrinə görə, Azərbaycanda məhkəmə resurslarının mövcudlugu 75 faiz qiymətləndirilir.
Azərbaycanda məhkəmə resurslarının mövcudluğu qiymətləndirilib

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir K.Zərbalıyeva/

"Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin həyata keçirdiyi monitorinqin nəticələrinə görə, Azərbaycanda məhkəmə resurslarının mövcudlugu 75 faiz qiymətləndirilir.

İctimai Birlik 2006-cı ildə qəbul edilmiş Azərbaycanın Avropa Qonsuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürdüyü öhdəliklərin həyata keçirilməsinin monitorinqinin nəticələrini özündə əks etdirən hesabatı bu gün keçirilən tədbirdə açıqlayıb.

Hesabatda məhkəmə sektorunda və dövlət qullugu sahəsində həyata keçirilən islahatlar, həmçinin GRECO qrupu tərəfindən tövsiyə edilmis öhdəliklərin həyata keçirilməsi diqqətdə saxlanılıb. Bu hesabat Azərbaycanda idarəçilik sistemində irəliləyişlərin əldə edilməsi və ölkədə korrupsiya riskinin azaldılması və o cümlədən, hansı sahələrdə inkisafın daha zəif getdiyini və ya ümumiyyətlə olmadığını göstərmək məqsədilə hazırlanıb.

Hesabatda qeyd olunub ki, 2000-ci ildə Avropa İttifaqının dəstəyi ilə baslayan məhkəmə sistemində davam edən islahatlar prosesinin əsasında hakimlərin müstəqilliyini, onların həm mənəvi, həm də professional baxımdan standartlarının və statuslarının yüksəldilməsi durur.

"Məhkəmə sisteminin idarə olunması istiqamətində qanunvericilik və institusional sahədə əhəmiyyətli irəliləyişlər qeydə alınıb. İrəliləyişlər daha çox hakim korpusunun daha da peşəkarlaşması işində, məhkəmə prosedurlarının təkmilləşdirilməsində, məhkəmə dinləmələrinin sürətləndirilməsində və məhkəmələr üçün maliyyənin təminatında, o cümlədən hakimlərin yüksək məbləğdə mükafatlandırılmasında görünür", - hesabatda vurğulanır.

Monitorinqin nəticələrinə görə, məhkəmə sisiteminin müstəqilliyini təmin etmək, xüsusilə də icra orqanlarından asılılığının azaldılması istiqamətində müvafiq işlər görülməlidir.

Hesabatda qeyd olunub ki, gələcəkdə məhkəmələrə ayrılan maliyyə vəsaitinin bölünməsi və idarə olunması işinin icra orqanlarından alınaraq məhkəmələrin özlərinə verilməsi bu istiqamətdə irəliyə dogru atılan addım kimi qiymətləndirilə bilər. Qanunvercilikdə məhkəmə işlərinin hakimlər arasında bərabər şəkildə bölüşdürülməsi nəzərdə tutulsa da, bir çox hallarda bu qaydaya əməl olunmur. Bəzi hallarda qanunlarda mövcud olan boşluqlar qanunların əsassız olaraq istənilən formada yozulmasına, interpretasiya olunmasına səbəb olur.

Birliyin hesabatında belə qənaətə gəlinir ki, hakimlərin seçilməsi sahəsində ilkin mərhələdə irəliləyiş və şəffaflıq təmin edilsə də, yekun mərhələdə seçimlə bağlı, o cümlədən yüksəkvəzifəli hakimlərin təyinatı ilə bağlı aydın kriteriya (meyar) ortaya qoyulmur. Həmçinin vəzifədə irəli çəkilmə attestasiyaya əsaslanır, ancaq onların işinin yerinə yetirilməsinin qərəzsiz qiymətləndirilməsi ilə bağlı konkret aydın sistem mövcud deyil.

"Hökumət hesabına çalışan vəkillərin və məhkəmə tərcüməçilərinin səviyyəsi aşağıdır. Bu isə onlara göstərdikləri xidmət qarşılığında ödənilən əməkhaqqının kifayət qədər yüksək olmaması ilə əlaqədardır. Məhkəmə sistemində şəffaflıq 58 faiz qiymətləndirilir ki, bu da irəliləyiş üçün xeyli işlərin görülməli oldugunu göstərir", - hesabatda vurğulanır.

Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov hesabatda sadalanan bəzi nüanslara narazılığını bildirib. O qeyd edib ki, İctimai Birliyin hakimlərin seçki proseduru ilə və bu sahədəki qanunvericiliklə yaxından tanış olmaması hesabatın obyektivliyini şübhə altına alır.

Aparat rəhbəri bildirib ki, hakimlərin seçilməsi məqsədilə keçirilən müsabiqənin bütün mərhələləri açıq şəkildə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə şəffaf keçirilir və bu mərhələlərdə "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin də nümayəndələri iştirak edib.

Hüseynov 2010-cu ildə İctimai Birlik tərəfindən hesabat hazırlanarkən bu nüansların nəzərə alınmasını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti