...

BMT Azərbaycana məcburi köçkünlərlə bağlı yardım səylərini davam etdirməyə hazırdır - BMT Baş katibinin nümayəndəsi Valter Kelin

Cəmiyyət Materials 20 May 2010 13:05 (UTC +04:00)
BMT Azərbaycana məcburi köçkünlərlə bağlı yardım səylərini davam etdirməyə hazırdır. Bu yardım həm texniki məsləhət kimi, həm də bəzi resurslar vasitəsilə veriləcək, - Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda səfərdə olan BMT Baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kelin Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovla görüşündə bildirib.
BMT Azərbaycana məcburi köçkünlərlə bağlı yardım səylərini davam etdirməyə hazırdır  - BMT Baş katibinin nümayəndəsi Valter Kelin

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir M.Əliyev/

BMT Azərbaycana məcburi köçkünlərlə bağlı yardım səylərini davam etdirməyə hazırdır. Bu yardım həm texniki məsləhət kimi, həm də bəzi resurslar vasitəsilə veriləcək, - Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda səfərdə olan BMT Baş katibinin məcburi köçkünlər üzrə nümayəndəsi Valter Kelin Qaçqın və Məcburi Köçkünlərlə İş Üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovla görüşündə bildirib.

"Məcburi köçkünlərlə bağlı ən böyük problem Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll olunmamasının qalmasıdır", - Kelin deyib.

Onun fikrincə, ötən illər ərzində məcburi köçkünlərin probleminin həlli ilə bağlı Azərbaycanda çox işlər görülüb, lakin şəhərlərdə yataqxanalarda məskunlaşdırılmış insanların şəraitinin yaxşılaşdırılması üçün işlər davam etdirilməlidir.

"Praktika göstərir ki, humanitar yardımlardan asılı olan insanların öz yurduna qayıdan zaman yenidən işləməsi üçün enerjisi olmur, bu səbəbdən çalışmaq lazımdır ki, məcburi köçkünlər işlə təmin olunsunlar", - BMT Baş katibinin nümayəndəsi deyib.

Görüşdə Əli Həsənov bildirib ki, Kelinin ötən səfəri zamanı Azərbaycanda məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verdiyi bütün 9 tövsiyə üzrə işlər aparılıb.

"2008-2009-cu illərdə məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün 800 milyon dollar xərclənib. Bunun da 300 milyon dolları Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən ödənilib", - Baş nazirin müavini qeyd edib.

Həsənovun sözlərinə görə, 1 747 məcburi köçkün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlə təmin olunub.

"Son 4 il ərzində məcburi köçkünlərin yoxsulluq səviyyəsi 75%-dən 25%-ə enib. Ümumilikdə, 600 min məcburi köçkündən hələ də 400 mini pis şəraitdə yaşayır və bu da onu göstərir ki, həm beynəlxalq təşkilatlar tərəfindən, həm də hökumət tərəfindən bu istiqamətdə işlər davam etdirilməlidir", - Dövlət Komitəsinin sədri bildirib.

Həsənov Azərbaycanda məcburi köçkünlərin qayıdış proqramının hazırlandığını bildirərək deyib ki, həmin proqramda 2 məsələ açıq olaraq qalır. Birincisi, sovet vaxtında hazırkı işğal olunmuş ərazilərdə olan əmlakın dəyəri 60 milyard dollara bərabər olub, lakin hazırda əldə olunan məlumatlara görə, onların çoxusu dağıdılıb və yenidən beynəlxalq təşkilatlarla həmin ərazilərdə qiymətləndirilmə aparılmalıdır.

İkinci məsələ, işğaldan qabaq həmin ərazilərdə sovet iqtisadiyyatı mövcud olduğu üçün Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi həmin ərazilərin iqtisadiyyatını Azərbaycan iqtisadiyyatına uyğunlaşdırmalıdır.

1992-ci ildən bəri məcburi köçkünlər üçün ümumilikdə 2,9 milyard dollar xərclənib, onun 1,3 milyardı dövlət büdcəsi vəsaiti hesabına, 800 milyonu Neft Fondu, 800 milyonu isə beynəlxalq təşkilatlar hesabına ödənilib.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyon insan məcburi köçkün düşüb.

Xəbər lenti

Xəbər lenti