...

BMT Bakını Avropanın üç şəhərindən biri elan etdi

Cəmiyyət Materials 24 May 2010 11:10 (UTC +04:00)
Bakı Avropanın üç şəhərindən biri oldu
BMT Bakını Avropanın üç şəhərindən biri elan etdi

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir M.Əliyev/

Bakı Avropanın üç şəhərindən biri olub. Bu barədə bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Ümumdünya ətraf mühit gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərləri elan edir.

İbrahimova deyib ki, bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər, Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.

"Ölkəmizin paytaxtının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir", - mətbuat xidmətinin rəhbəri əlavə edib.

İyun 5-də Ümumdünya ətraf mühit gününün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat - BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb ki, hər il bu təşkilat tərəfindən Ümumdünya ətraf mühit günü keçirilir.

Ümumdünya ətraf mühit günü müxtəlif formalarda - küçə mitinqləri, velosipedçilərin yürüşləri, "yaşıl" konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur.

"Çoxlu növlər, bir planet, bir gələcək" devizi altında həyata keçiriləcək builki Ümumdünya ətraf mühit günü ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı, bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti