...

Azərbaycanda diffamasiya haqqında qanun layihəsi hazırlanmalıdır – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 31 May 2010 17:35 (UTC +04:00)
Azərbaycanda diffamasiya haqqında qanun layihəsi hazırlanmalı və paralel olaraq peşə prinsiplərinə riayət sahəsində iş aparılmalıdır.
Azərbaycanda diffamasiya haqqında qanun layihəsi hazırlanmalıdır – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda diffamasiya haqqında qanun layihəsi hazırlanmalı və paralel olaraq peşə prinsiplərinə riayət sahəsində iş aparılmalıdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırılan "Media problemlərinin müzakirəsi jurnalist peşəkarlığının və məsuliyyətinin artırılmasına dəstək kimi" layihəsi çərçivəsində keçirilən "Diffamasiya: şərəf, ləyaqət və işgüzar nüfuz media müstəvisində" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

Trend-in arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

"MŞ bu ilin əvvəlindən başlayaraq ATƏT-in Bakı ofisi ilə birlikdə yekun nəticə etibarilə diffamasiya haqqında qanunun qəbulunu nəzərdə tutan təşəbbüsün gerçəkləşdirilməsinə başlayıb. Diffamasiya mövzusu istər media, istərsə də bütövlükdə ölkə ictimaiyyəti içərisində geniş müzakirəyə səbəb olub. Bir qisim qanunun qəbulunu, digəri isə hələlik buna ehtiyacın duyulmadığını vurğulayır", - Amaşov əlavə edib.

MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bu mövzunun aktual olduğunu diqqətə çatdırıb.

"Azərbaycanda diffamasiya ilə bağlı problemlər var. Mətbuat Şurasına daxil olan müraciətlərin təxminən 30 faizində diffamasiyaya dair motivlər mövcuddur", - Ələsgərli bildirib.

Xəbər lenti

Xəbər lenti