Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın təbii fəlakət zonasındakı ümumtəhsil məktəblərində buraxılış imtahanlarından azad olunanlar iyunun 24-25-nə qədər attestatla təmin ediləcək, - Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
"Artıq Azərbaycanın iki bölgəsində ümumtəhsil məktəblərində buraxılış imtahanları keçirilib. Bir bölgədə nəticələr bəllidir. Builki nəticə ötənilkindən yüksəkdir", - nazir bildirib.
Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.
Azərbaycanın ümumtəhsil məktəblərində iyunun 3-dən etibarən buraxılış imtahanları başlayıb. Buraxılışlarda IX sinif şagirdləri 2, XI sinif şagirdləri isə 8 fənn üzrə imtahan verirlər.
Ümumtəhsil məktəblərinin və peşə liseylərinin 90 134 şagirdi orta təhsil, 127 796 şagirdi isə əsas təhsil səviyyəsi üzrə yoxlama imtahanları verəcək.
Mərdanov deyib ki, gələn tədris ilindən əlaçı şagirdlər üçün qızıl medalların verilməsinə başlanılacaq.
"Bu il ali məktəbləri əla qiymətlərlə bitirən məzunlara medalların verilməsini çatdıra bilməyəcəyik. Çünki hələ qaydalar tam təsdiq olunmayıb. Qızıl medalın ali məktəbə qəbul imtahanlarında ciddi bir əhəmiyyəti olmayacaq", - nazir əlavə edib.