...

Azərbaycan ombudsmanı Avropa Şurasının təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edəcək

Cəmiyyət Materials 6 İyul 2010 17:27 (UTC +04:00)
Elmira Süleymanova iyulun 8-9-da Fransanın Strasburq şəhərində Avropa Şurasının insan hüquqları üzrə komissarının ofisinin təşkilatçılığı ilə "Hüquq bərabərliyinin təbliği üçün səmərəli və müstəqil strukturlar" mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək.
Azərbaycan ombudsmanı Avropa Şurasının təşkil etdiyi beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova iyulun 8-9-da Fransanın Strasburq şəhərində Avropa Şurasının insan hüquqları üzrə komissarının ofisinin təşkilatçılığı ilə "Hüquq bərabərliyinin təbliği üçün səmərəli və müstəqil strukturlar" mövzusunda keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində ombudsman Süleymanovanın Avropa Şurasının bir sıra rəsmiləri ilə görüşlər keçirəcəyi, insan hüquqları sahəsində gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəyi gözlənilir. Məlumatı çərşənbə axşamı Ombudsman Aparatının mətbuat xidməti yayıb.

Müzakirələr zamanı Azərbaycan ombudsmanı çıxış edəcək, ölkəmizdə insan hüquqları sahəsində görülmüş işlər, əldə olunan nəticələr, gələcək perspektivlər, insan hüquqlarının müdafiəsi və həyata keçirilməsi üzrə müvəkkilin fəaliyyəti, müvafiq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklif və tövsiyələri barədə ətraflı məlumat verəcək.

Azərbaycan ombudsmanı AŞ tərəfindən yaradılan Avropa ölkələri Milli İnsan Hüquqları Təsisatları Şəbəkəsinin, həmçinin AŞ İnsan Hüquqları və Hüquqi Məsələlər Baş Direktorluğu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiya tərəfindən təşkil olunan Avropa Milli Preventiv Mexanizmlər Şəbəkəsinin üzvüdür.

Beynəlxalq toplantıda milli insan hüquqları institutlarının hüquq bərabərliyinin həyata keçirilməsində rolu, təsisatların fəaliyyətinin səmərəliliyinin təmini məqsədilə resursların strateji bölüşdürülməsi, insan hüquqları sahəsində digər qurumlarla əməkdaşlıq və digər mövzularda fikir, məlumat mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti