...

Azərbaycan və Gürcüstanın birgə işçi qrupunun yaradılması təklif edilib

Cəmiyyət Materials 7 İyul 2010 11:22 (UTC +04:00)
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkədə yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənmək məqsədilə birgə işçi qrupun yaradılması təklifi ilə çıxış edib.
Azərbaycan və Gürcüstanın birgə işçi qrupunun yaradılması təklif edilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Hacıyev/

Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) ölkədə yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənmək məqsədilə birgə işçi qrupun yaradılması təklifi ilə çıxış edib.

GAK sədri Əli Babayev çərşənbə günü Trend-ə açıqlamasında bildirib ki, birgə işçi qrupunda Gürcüstan və Azərbaycan parlamentlərinin deputatları və hər iki ölkənin ictimaiyyət nümayəndələrinin təmsil olunmaları təklif edilib.

"Birgə işçi qrup Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin vəziyyətini obyektiv olaraq öyrənməli və müqayisəli formada hesabat hazırlayaraq, hər iki ölkə ictimaiyyətini məlumatlandırmalıdır. GAK-ın nümayəndələri birgə işçi qrupunda təmsil olunmağa hazırdırlar", - Babayev deyib.

Gürcüstan Parlamentində Azərbaycanda yaşayan gürcülərin vəziyyətini öyrənmək məqsədilə qrupun yaradılmasını şərh edən GAK sədri deyib ki, Azərbaycanda yaşayan gürcülərin problemləri Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə müqayisədə yox dərəcəsindədir.

"Bu ilin martında Konqres nümayəndələri Azərbaycanda gürcülərin yaşadıqları Qax, Balakən, Zaqatala rayonlarına baş çəkib və onların həyat şəraiti ilə tanış olublar. Gürcülərin yaşadıqları kənd və rayonlarda müasirtipli məktəblər, mədəniyyət evləri, tibb müəssisələri, yollar var. Onların torpaq problemi də yoxdur. Gürcüstanda 57 məscid qeydiyyatsız olduğu halda, Azərbaycanın Qax rayonunda 3 xristian kilsəsi dövlət qeydiyyatındadır və dövlət tərəfindən qorunur. Azərbaycanda gürcü iş adamlarına bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradılıb. Təkcə Bakıda 35 gürcü kafe və restoranı fəaliyyət göstərir", - Babayev deyib.

Babayevin sözlərinə görə, təəssüf ki, Gürcüstanın azərbaycanlıların yaşadıqları rayon və bölgələr 20 ildən artıqdır dövlətin diqqətindən kənardadır.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır.

Xəbər lenti

Xəbər lenti