...

Azərbaycanda III qrup üzrə keçirilən imtahanda telefon gətirməyə cəhd edənlər daha çox qızlar olub - TQDK sədri Məleykə Abbaszadə

Cəmiyyət Materials 9 İyul 2010 12:30 (UTC +04:00)
III qrup üzrə imtahanın nəticələri daha tez elan edilə bilərdi. İmtahan qaydalarını pozaraq telefon gətirməyə cəhd edənlər daha çox qızlar olub
Azərbaycanda III qrup üzrə keçirilən imtahanda telefon gətirməyə cəhd edənlər daha çox qızlar olub - TQDK sədri Məleykə Abbaszadə

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir T.Hacıyev/

III ixtisas qrupu üzrə imtahanda 250 baldan az nəticə göstərən və imtahan qaydalarını pozan 7 abituriyentin nəticəsi ləğv edilib, - Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

"Əslində, daha çox abituriyentin nəticəsi ləğv edilə bilərdi. Çünki biz 250 baldan yuxarı nəticə göstərməyənlərin nəticəsini ləğv edirik. Köçürənlər isə 100-150 bal toplayanlar olub. İmtahan qaydalarının pozulması ilə bağlı faktlar olmasaydı, III qrup üzrə imtahanın nəticələri daha tez elan edilə bilərdi. İmtahan qaydalarını pozaraq telefon gətirməyə cəhd edənlər daha çox qızlar olub", - Abbaszadə deyib.

Abbaszadənin sözlərinə görə, III qrup üzrə 8 435 nəfər ixtisas seçiminə buraxılıb.

"Amma bu qrup üzrə plan yeri 8 906-dır. Bu o deməkdir ki, ixtisas seçiminə buraxılan bütün abituriyentlər ixtisaslarını düzgün qeyd etsələr, hamısı daxil ola bilər. Amma bütün abituriyentlər eyni ixtisasları yazsalar, həmin ixtisaslar üzrə plan yerləri dolacaq, qalanları boş qalacaq", - komissiya sədri bildirib.

TQDK sədri qeyd edib ki, III qrup üzrə 350-250 bal toplayanlar yalnız ödənişli əsaslarla oxuyacaqlar. Onun bildirdiyinə görə, dövlət sifarişli plan yerləri 2 282 olsa da, bu yerlər üzrə müsabiqəyə buraxılmaq üçün 350-dən yüksək nəticə göstərənlərin sayı 4 225 nəfərdir.

Abbaszadə əlavə edib ki, Polis Akademiyasına minimal keçid balı 372, Milli Təhlükəsizlik Akademiyasına 430 bal olub. Adıçəkilən hər bir məktəbə artıq 5 nəfər daxil ola bilib.

Azərbaycanda iyulun 4-də ali məktəblərə 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.

Xəbər lenti

Xəbər lenti