...

Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb - Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Cəmiyyət Materials 14 İyul 2010 12:29 (UTC +04:00)
Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb
Azərbaycanda azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb - Prezident Administrasiyasının şöbə müdiri (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir E.Hüseynli/

Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun iyulun 22-də qeyd ediləcək Milli mətbuatın yaranmasının 135 illik yubileyi ilə bağlı Trend-ə müsahibəsi

- 135 illik tarixi olan Azərbaycan mətbuatının keçdiyi yolu və bugünkü durumunu necə dəyərləndirirsiniz?

- Əlbəttə, müstəqillik illərində Azərbaycan mətbuatı müəyyən uğurlara nail olub. İlk növbədə, bildiyiniz kimi, 1998-ci ildə Azərbaycan Prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən mətbuat üzərində dövlət tənzimlənməsini nəzərdə tutan bütün mexanizmlər, o cümlədən senzura ləğv olunub. Azad mətbuatın inkişafı üçün dövlət bütün hüquqi və maddi şərait yaradıb. Mətbuat təsis etmək üçün bütün dövlət icazəvermə mexanizmləri ləğv olunub, mətbuat haqqında qanun tam liberallaşdırılıb, Avropa standartlarına uyğunlaşdırılıb. Mətbuat vasitələri və çap mediası dövlət vergilərindən azad olunub. Mətbuatın inkişafına dövlət qayğısını təmin edən bir neçə sərəncam imzalanıb, o cümlədən Azərbaycan mətbuatının dövlət nəşriyyatına olan borcları əvvəlcə üç il donduruldu, sonra isə ləğv olundu və bu borcların qiyməti təxminən yarım milyon dollardan artıq idi. Bundan başqa, mətbuata güzəştli kreditlər ayrıldı. Beş il müddətinə güzəştli kreditlərin verilməsi ilə bağlı 5 milyon dollardan artıq pul ayrıldı. Jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə Prezident fərmanı və sərəncamı ilə onların maddi vəziyyətinin yaxşılaşdırılması tədbirləri görülüb. Qəzetlər, redaksiyalara birdəfəlik yardımlar göstərilib. Dövlətimiz çalışır ki, getdikcə bazarın liberallaşdırılması yolu ilə mətbuatın maddi-texniki bazasını, o cümlədən reklam bazarını genişləndirsin. Əlbəttə, bundan istifadə edən mətbuat orqanları da olub, onları Azərbaycan mediasının inkişafına aid etmək olar. Bundan sui-istifadə edərək qeyri-sivil yol tutan mətbuat orqanları da olub. Bunların bəziləri bağlanıb, bəziləri də bu gün reketçilik yolu tutub və onlarla mətbuat ictimaiyyəti arasında ciddi ziddiyyətlər yaşanır.

Mediamızın bu gün yeganə problemi, belə demək mümkünsə, bir tərəfdən qəzetlərin reklam gəlirlərinin aşağı olması və iqtisadi vəziyyətinin müstəqil inkişaf etməsi üçün yetərli olmaması, digər tərəfdən jurnalist peşəkarlığının aşağı olmasıdır. Bundan başqa, media azadlığı, jurnalist sərbəstliyi getdikcə cəmiyyət tərəfindən qəbul olunduqca jurnalistlərin iş mühiti də yaxşılaşır. Jurnalistlərin azad şəkildə informasiya toplamaq, onu sərbəst şəkildə işləmək, azad şəkildə yaymaq, cəmiyyətdə baş verən hadisələr haqqında sərbəst fikir mübadiləsi aparmaq, istənilən sahələr üzrə tənqidi yazılar yazmaq, istənilən obyekti tənqid etmək, ictimai əhəmiyyət kəsb edən məsələləri ictimai müzakirəyə çıxartmaq və onlar ətrafında sərbəst fikir mübadiləsi aparmaq imkanları yaradılıb. Bütün bunları götürəndə, əlbəttə, medianın inkişafını qənaətbəxş hesab etmək olar. Lakin Azərbaycan mediasında bəzi problemlər də yaşanır ki, biz 135 illik yubileyi ərəfəsində onların bəzilərini mətbuat ictimaiyyəti ilə, bəzilərini dövlət xətti ilə, digər bir qismini isə jurnalistlərin özlərinin iştirakı ilə aradan qaldırmağa çalışırıq.

Son üç ildə medianın inkişafı ilə bağlı dövlət xüsusi bir təşəbbüslə çıxış edib, medianın inkişafını şərtləndirən xüsusi bir Dövlət Proqramı qəbul olunub. Bundan başqa, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu quruma müəyyən səlahiyyətlər verilib, büdcəsinə vəsait ayrılıb və onun vasitəsilə medianın işini stimullaşdırmaq, dövlətin bu sahəyə qayğısını mərkəzləşdirmiş şəkildə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. 135 illik yubiley ərəfəsində yenə respublika səviyyəsində bəzi tədbirlər nəzərdə tutulub və biz bu günlərdə həmin tədbirlərin keçirilməsi ilə bağlı addımlar atacağıq.

- Azərbaycan mətbuatının regiona və Avropaya inteqrasiyası prosesi Sizi qane edirmi?

- Əlbəttə, bu gün birmənalı söyləmək olmaz ki, Azərbaycan mediası özünü tam Avropa, dünya standartlarına uyğunlaşdırıb və bu media dünya informasiya məkanında, dünya ictimai rəyində hər hansı bir rol oynayır. Bunu bütün qəzetlərə də aid etmək olar. Azərbaycanın bəzi media orqanları, xüsusən onun internet versiyaları xarici ölkələrdə oxunur - Rusiyanın ictimai dairələrində, türkdilli mətbuat nümunələri Türkiyədə, müəyyən qisim verilişlərimiz, o cümlədən mətbuat orqanları ingilis dilində çıxır ki, onları da səfirliklərdə və onların vasitəsilə ingilisdilli ölkələrdə, ərəb dilində yazılar buraxmağa təşəbbüs göstərən bəzi mətbuat orqanları və yaxud onların internet saytları ərəbdilli ölkələrdə yeni-yeni oxunmaqdadır. Amma açığı deyim ki, bu gün Avropa və dünya informasiya məkanında Azərbaycan mediası hələ ki ictimai rəy formalaşdırmaq qüdrətində, gücündə deyil. Azərbaycan dövlətinin, xalqının milli mənəvi dəyərlərinin, o cümlədən Azərbaycanın problemlərinin təbliğatı məqsədilə biz yerli mətbuatın imkanlarından nə qədər istifadə etməyə çalışsaq da, lazımi effekti ala bilmirik.

Azərbaycan problemləri deyəndə, məhz ilk növbədə Dağlıq Qarabağ problemi, Azərbaycan torpaqlarının işğal olunması, qaçqın-köçkün problemi, ermənilərin Qafqazda yürütdüyü işğalçılıq siyasəti və Azərbaycanın bu işğalçılığa məruz qalmasını nəzərdə tuturam. Hələ ki bunların dünya mətbuatında işıqlandırılması biz istədiyimiz səviyyədə deyil. Amma yox dərəcəsində də deyil. Son beş ildə bu sahə üzrə bəzi ciddi mexanizmlər qurulub, bu sahəyə ciddi maliyyə vəsaitləri ayrılıb. Lakin yenə təkrar edirəm, bu, yetərli deyil. Biz hələ dünya ictimai rəyini formalaşdırmaq iqtidarında deyilik. Xüsusilə, yerli medianın köməyi ilə bu funksiyanı tam reallaşdıra bilmirik.

Odur ki, biz bəzən bu məqsədlə transmilli media nümunələrinə müraciət etməli oluruq. Onlarda reklam və digər hüquqlarla Azərbaycanın maraqlarını təbliğ edən yazıların, verilişlərin və digər bu tipli materialların hazırlanması məqsədilə fəaliyyət göstəririk. Zaman keçdikcə Azərbaycan mediası bizi əhatə edən postsovet və Avrasiya məkanında müəyyən mexanizmlərə yiyələnməlidir və biz bunun üçün dövlət olaraq maraqlıyıq və buna çalışırıq.

- Azərbaycan jurnalistikasında peşəkarlığın artırılması üçün hansı tədbirlər görülməlidir?

- Mən dəfələrlə bu mövzuya toxunmuşam və bəzən mən Azərbaycanda jurnalistikanın əsas problemi - peşəkarlığın çatışmazlığını deyəndə, Azərbaycanın peşəkar jurnalistləri inciyir. Amma mənim əslində bu fikrim o demək deyil ki, Azərbaycanda peşəkar jurnalist yoxdur. Mənim dediyimdən o çıxır ki, Azərbaycanda media sahəsində çalışan və jurnalist adını daşıyan insanların çoxu qeyri-peşəkardır. Azərbaycanda bu gün onlarla, yüzlərlə peşəkar jurnalist varsa, beşyüzlərlə, minlərlə, bəlkə də on minlərlə jurnalist vəsiqəsini daşıyan qeyri-peşəkarlar mediaya doluşub və mətbuat sahəsində fəaliyyət göstərirlər. Ona görə də qeyri-peşəkarların çox olduğu yerdə peşəkar jurnalistlər onların arasında itib-batır. Medianın nüfuzunu, tendensiyasını, gündəlik media ilə bağlı ictimai rəyi məhz bu qeyri-peşəkar jurnalistlər formalaşdırır. Bu anlamda həmişə deyirəm ki, Azərbaycan jurnalistikasının əsas problemi jurnalist peşəkarlığının aşağı olmasıdır. Bu istiqamətdə əlbəttə ki, dövlət çox iş görə bilməz. Dövlət nə edə bilər? Jurnalist təhsili verən jurnalistika fakültələrinin fəaliyyətini yaxşıllaşdıra, onların sayını artıra bilər, jurnalistlərin peşəkarlığını artıran kurslar təşkil edə bilər, xarici ölkələrdən mütəxəssislər dəvət edə bilər, beynəlxalq jurnalist təşkilatları ilə treninq-seminarlar təşkil edə bilər. Bu sahədə biz neçə illərdir fəaliyyət göstəririk. Tək dövlət yox, Mətbuat Şurası, bəzi jurnalist təşkilatlarının özləri də bu sahədə yetərincə fəaliyyət göstərirlər. Lakin bu fəaliyyət davamlı olmalıdır. Bir tərəfdən peşəkar jurnalistlərin sayını artırmalıyıq, onların peşəkarlıq səviyyəsini yüksəltməliyik, digər tərəfdən qeyri-peşəkarların yolunu bağlamalıyıq, onları media sahəsindən təmizləməliyik.

- Azərbaycan jurnalistlərinin sosial problemlərinin həlli istiqamətində hansı işlər davam etdirilir?

- Jurnalistlərin sosial probleminin aradan qaldırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlətin başladığı tədbirlər bundan sonra da davam etdiriləcək və getdikcə genişləndiriləcək. Əlbəttə, onların təfsilatına varmaq istəmirəm, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, o cümlədən cənab Prezidentin ayrı-ayrı dövrlərdə bununla bağlı imzaladığı sərəncamlar, fərmanlar bunun bəzi istiqamətlərini artıq ortaya qoyub. Lakin qeyd etmək istərdim ki, bu istiqamətdə büdcə imkanlarımız, dövlətin maddi vəziyyəti yaxşılaşdıqca, o cümlədən cəmiyyətimizdə iqtisadi, biznes və özəl strukturlar getdikcə mediaya üz çevirərək onlara daha geniş şəkildə reklam verdikcə, bu istiqamətdəki tədbirlər genişləndiriləcək.

- Azərbaycanda söz və informasiya azadlığının qorunması istiqamətində görülən işləri qənaətbəxş saymaq olarmı?

- Hesab edirəm ki, Azərbaycanda söz, məlumat, informasiya azadlığı sahəsində beynəlxalq təşkilatları, bizim jurnalistləri narahat edəcək hər hansı ciddi problem yoxdur. Bu problemlər olsa da belə, ayrı-ayrı fərdi problemlərdir və bunlar cəmiyyət həyatının informasiya sahəsinin tendensiyasını təşkil etmir. Lakin bu o demək deyil ki, Azərbaycanda bu sahədə problem yoxdur, müəyyən problemlər var, amma problemlər bütövlükdə Azərbaycan vətəndaşlarının, media ictimaiyyətinin, jurnalistlərin Konstitusiyada təsbit olunmuş azad şəkildə informasiya toplamaq, onu sərbəst şəkildə yaymaq, cəmiyyəti maraqlandıran məsələləri ictimai müzakirəyə çıxarmaq, onlar ətrafında açıq müzakirələr həyata keçirmək, fikirlərini söyləmək hüquqlarına qətiyyən toxunmur, onlara mane olmur. Və bu anlamda biz cəmiyyətin fundamental informasiya azadlığı hüququnu, söz, mətbuat fəaliyyəti ilə məşğul olmaq hüququnu, azad şəkildə baş verən hadisələr haqqında informasiya almaq hüququnu və yaxud jurnalistlərin informasiya toplayıb yaymaq hüqunu təmin etmişik. Lakin bu informasiya hüququnun təmin edilməsi bu sahədəki problemlərin tam aradan qaldırılması demək deyil.

Problemlər bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da mövcuddur. Bunların, təkrar edirəm, bir qismi jurnalistlərin peşəkarlığı, digər qismi azad medianın dairəsinin hələ bizi qane edəcək səviyyəyə çatmaması ilə bağlıdırsa, üçüncü qismi jurnalistikadan müəyyən məqsədlərlə sui-istifadə edən kifayət qədər jurnalistikaya yad insanların bu sahəyə doluşması ilə əlaqəlidir. Digər bir qismi mətbuatın maddi-texniki bazasının aşağı olması, başqa qisimləri isə media sahəsində fəaliyyət göstərən insanların özlərindən asılıdır. Biz zaman-zaman bunları media ictimaiyyəti, Mətbuat Şurası, jurnalist ictimaiyyəti, aparıcı qəzetlərin redaktorları ilə müzakirə edirik və onların aradan qaldırılması yollarını axtarırıq. Bu, dövlətin siyasətidir, bu siyasət bundan sonra da davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti