...

Trend BİA ekoloji maarifləndirməyə dair videoçarxların çəkilişlərini başa çatdırıb

Cəmiyyət Materials 15 İyul 2010 13:49 (UTC +04:00)
Trend BİA ekoloji maarifləndirməyə dair videoçarxların çəkilişlərini başa çatdırıb
Trend BİA ekoloji maarifləndirməyə dair videoçarxların çəkilişlərini başa çatdırıb

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/

Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) Azərbaycan Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi ekoloji maarifləndirməyə dair layihə çərçivəsində videoçarxların hazırlanması üçün çəkilişləri başa çatdırıb.

Layihənin koordinatoru və ideya müəllifi, Trend BİA-nın direktor müavini Emil Hüseynli cümə axşamı agentliyin əməkdaşına bildirib ki, ekoloji maarifləndirməyə dair videoçarxların hazırlanmasında millət vəkili Qənirə Paşayeva, Azərbaycanın xalq artisti, muğam ustadı Alim Qasımov və güləş üzrə Olimpiya, ikiqat dünya çempionları Fərid Mansurov iştirak ediblər.

"Videoçarxların çəkilməsində məqsəd insanları ətraf mühiti qorumaqa çağırmaq və onların şüurunda dəyişikliklər etməkdir. Tanınmış simaları layihəyə cəlb etməyimizdə məqsəd də məhz bu sahədə ictimai rəyə təsir göstərməkdir. Bunun üçün də üç müxtəlif sahənin tanınmış şəxslərini ətraf mühitin qorunması çağırışlarına cəlb etmişik", - Hüseynli deyib.

Onun sözlərinə görə, videoçarxların internet-saytlarda, telekanallarda yayımı nəzərdə tutulur.

Layihənin birinci hissəsində şagirdlər üçün ekoloji maarifləndirməyə dair hazırlanan əyani vəsaitlər - köynəklər və kepkalar paylanılıb.

Bakıda 225, Gəncədə isə 43 saylı orta məktəblərdə aşağı sinif şagirdləri üçün ekoloji maarifləndirməyə dair "açıq dərs" keçirilib və əyani vəsaitlər paylanılıb.

Bu, Trend BİA-nın fondun maliyyə dəstəyi ilə həyata keçirdiyi ikinci layihədir. Birinci layihədə Trend BİA erməni vandalizminin, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film üç - Azərbaycan, rus və ingilis dillərində səsləndirilib, beynəlxalq təşkilatlara təqdim edilib, saytlara yerləşdirilib, Azərbaycan, Ukrayna, Türkiyə və Fransada təqdimatı keçirilib.

Xəbər lenti

Xəbər lenti