...

Azərbaycanda 2011-ci ildə yüksək səviyyəli beynəlxalq at yarışları keçiriləcək – Atçılıq Federasiyasının baş katibi

Cəmiyyət Materials 16 İyul 2010 15:36 (UTC +04:00)
Azərbaycanda 2011-ci ildə yüksək səviyyəli beynəlxalq at yarışları keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev bildirib.
Azərbaycanda 2011-ci ildə yüksək səviyyəli beynəlxalq at yarışları keçiriləcək – Atçılıq Federasiyasının baş katibi

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda 2011-ci ildə yüksək səviyyəli beynəlxalq at yarışları keçiriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev bildirib.

"İndiyə qədər biz bir neçə ikiulduzlu beynəlxalq yarışlar keçirmişik. Artıq daha da irəli gedərək 3, 4 və 5 ulduzlu beynəlxalq at yarışlarını keçirməyi planlaşdırırıq. Federasiya 2011-ci ildə Azərbaycanda yüksək səviyyəli at yarışları keçirəcək", - Nəbiyev əlavə edib.

ARAF-ın baş katibi bu il keçirilən yarışlardan da danışıb. "Bu il Azərbaycanda atçılıq idman növü üzrə 8 yarış keçirilib. Bunlardan biri beynəlxalq yarış, digərləri isə ölkədaxili yarışlar olub", - o deyib.

Nəbiyev bildirib ki, atçılıq üzrə Azərbaycanın milli komandası formalaşıb.

"Komandanın qarşısında duran başlıca məqsəd 2012-ci il London Olimpiya oyunlarında uğurla iştirak etməkdir. Komandanın üzvləri Camal Rəhimov, Françesko Franko, Patrin Makenzidir. Komandanın baş məşqçisi dünya şöhrətli məşqçi Nelson Pesuadır", - Nəbiyev deyib.

Baş katib federasiya qarşısında duran məqsədlərdən də danışıb.

"Azərbaycanın yerli Qarabağ və Şahbaz atlarını dünyaya tanıtmaq sahəsində işlər görülür. Məqsədimiz bu cins atların dünyada tanınmasına və beynəlxalq yarışlarda iştirak etməsinə nail olmaqdır. Federasiyanın qarşısında duran əsas məqsədlərdən biri də Azərbaycanın qədim Çövkan, Şürpapaq, Atüstü güləş və digər milli oyunlarını bərpa edərək onları aktuallaşdırmaqdır", - Nəbiyev əlavə edib.

Trend-in arayışı:
Azərbaycan Respublikası Atçılıq Federasiyası 1996-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1999-cu ildə yeni nizamnamə qəbul edilib. Federasiya atçılığın bütün sahələri ilə məşğul olur. Atçılığın idman və qeyri-idman sahəsində inkişafı üçün səylər göstərir. Federasiya Beynəlxalq Atçılıq Federasiyasının üzvüdür. Bu üzvlüyün nəticəsi olaraq bir sıra ölkələrin federasiyaları ilə əlaqələr qurulub və əməkdaşlıq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti