Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanlı qadın professor Aygün Attar Türkiyənin Giresun Universitetinin rektoru seçkilərində ən çox səs toplayan namizədlərdən biri olub.
Trend-in məlumatına görə, 20 ildən çoxdur Türkiyədə yaşayan həmyerlimiz ortaq türk tarixi və xüsusilə də erməni məsələsi ilə bağlı mühüm tədqiqatlar aparıb. Aygün Attarın keçən il dərc edilən "İranın etnik quruluşu" adlı əsəri NEWSWEEK jurnalı tərəfindən dünyadakı hadisələri başa düşmək üçün oxunması lazımlı olan 112 kitabın arasında göstərilib.
Xəzər və Qara dəniz bölgəsinə aid strateji tədqiqatların dəyərləndirilməsi məqsədi ilə beynəlxalq konfrans və simpoziumlar təşkil edən həmyerlimizin fəaliyyətinə Harvard Universitetindən də müsbət rəy verilib. Harvard Universitetinin Qara dəniz Araşdırmaları Mərkəzinin sədri Türkiyənin ABŞ-dakı səfirliyi vasitəsilə ölkə Prezidenti Abdullah Gülə məktub göndərərk professor Aygün Attarın beynəlxalq münasibətlərin araşdırılması istiqamətində gördüyü dəyərli işlərə görə minnətdarlığını bildirib.