Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir M.Əliyev/
Təhsil Nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyətinə verilmiş lisenziyanın qüvvədəolma müddətinin uzadılmamasının səbəblərini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.
Təhsil Nazirliyinin Beynəlxalq Universitetin tədris prosesinin təşkili vəziyyətinin araşdırılması məqsədi ilə ekspert qrupu yaradılıb. Ekspert qrupunun araşdırması Universitetin strukturuna daxil olan fakültələrin bir çoxunun mövcud qaydaların tələblərinə zidd fəaliyyət göstərdiyi, əksər kafedralar, xüsusən texniki ixtisaslar üzrə mütəxəssis hazırlayan kafedralarda zəruri avadanlıqla təchiz edilmiş tədris laboratoriyalarının olmadığı, kafedraların işinin düzgün təşkil edilmədiyi, müəllimlərin dərs bölgüsündə müvafiq qaydaların kütləvi şəkildə pozulduğu, universitetdə yüksək ixtisas dərəcəsinə malik olmayan və alimlik dərəcəsi (elmi adı) olmayan müəllimlərə mühazirə dərslərinin verildiyi, mütəxəssis hazırlığı həyata keçirilən ixtisasların tədris planlarının tərtibində qüvvədə olan normativ sənədlərin tələblərinə tam riayət olunmadığı, nizam-intizam qaydalarına riayət edilmədiyi və tələbələrin dərslərə davamiyyətində ciddi nöqsanların olduğu, qrupların tədris jurnallarının formal olaraq doldurulduğu, tələbələrin biliyinin formal qiymətləndirildiyi, fənlərin tədrisinin pərakəndə şəkildə (müəllimin istədiyi kimi) aparıldığı, universitetdə tələbə kontingentinin formalaşması, tələbələrin kursdan kursa keçirilməsi, qrup və birləşmələrin təşkilində ciddi pozuntulara yol verildiyi, universitetin daxilində bir ixtisasdan digərinə və ya digər ali məktəblərdən tələbələrin köçürülməsi, tələbələr sırasına bərpası və xaric olunması zamanı mövcud qanunvericiliyin tələblərinin ciddi şəkildə pozulduğu, hətta saxtakarlığa yol verildiyi, köçürülmə sənədlərinin saxtalaşdırıldığı, diplomvermə zamanı sənədləşmə və sənədlərin icrası mexanizminin kobud şəkildə pozulduğunu aşkar edib.
Azərbaycan Beynəlxalq Universiteti 1997-ci ildə dövlət qeydiyyatına alınıb, 1998-ci ildə Təhsil Nazirliyinin qərarı ilə ilk dəfə lisenziya verilib. Universitet 1999-cu ildə 6 il müddətinə, 2005-ci ildə isə 5 il müddətinə yenidən lisenziya alıb.